Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Sanqin Əmirzai: “Biz çalışırıq ki, Azərbaycan Əfqanıstanda “Elektron hökumət” quruculuğunda iştirak etsin”
"Bakutel-2012" Telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak etmək üçün Azərbaycanda səfərdə olan Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Sanqin Əmirzai «Rabitə dünyası» qəzetinə müsahibə verib.
- Cənab nazir, bildiyiniz kimi, bu gün Azərbaycan iki önəmli beynəlxalq tədbirə ev sahibliyi edir. Sizin "Bakutel" sərgi-konfransında iştirakınız ənənəvi hal alıb desək, yanılmarıq. Bu il məhz hansı yeniliklərin şahidi oldunuz?
- Çox şadam ki, artıq neçə ildir ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkil etdiyi "Bakutel" sərgi-konfransında iştirak edirəm. Hesab edirəm ki, bu cür sərgilər, eləcə də forumlar iştirakçı ölkələrin bir-biri ilə təcrübə mübadiləsi aparmasında mühüm rol oynayır, yeni imkanlar yaradır. Xüsusilə tədbirin yüksək səviyyədə təşkil olunması, iştirakçı dövlətlərə həm öz stendlərini nümayiş etdirməyə, həm də müxtəlif danışıqlar aparmaq üçün imkanların yaradılması təqdirəlayiqdir. İKT sektorunun inkişafı üzrə Azərbaycanın böyük təcrübəsi var.
Ona görə də hesab edirəm ki, biz bu təcrübələrdən ölkəmizin inkişafı üçün istifadə etməliyik. Bilirsiniz ki, Azərbaycanla Əfqanıstan arasında münasibətlər günü-gündən inkişaf edir. Biz Azərbaycanı dost ölkə hesab edirik. Qeyd edim ki, bu gün sərgidə uğurlu təcrübələrlə tanış oldum ki, bu bizim üçün çox əhəmiyyətlidir.
Bakıdan Əfqanıstana bir çox yeniliklərlə dönəcəm. Əldə etdiyimiz yeniliklər daha çox internetlə bağlıdır. Bu yeniliklərə internetin müxtəlif ölkələrdə xalqın xeyri naminə necə istifadə olunması daxildir. Eləcə də müxtəlif hökumətlərdə xalqın dincliyini, rifahını və rahatlığını təmin etmək üçün internetdən necə istifadə olunmasını, ölkənin iqtisadi inkişafına internetin necə kömək etməsini görürük. Azərbaycanda "elektron hökumət" qurulur və bu işlərin həm hökumət üçün, həm də əhali üçün nə qədər vacib olduğunu aydın şəkildə görürük. Bizim səfərimiz ərəfəsində "elektron hökumət"lə bağlı topladığımız təcrübələr sözsüz ki, bu istiqamətdə işlər görərkən köməyimizə gələcək. Bilirsiniz ki, artıq biz də bu istiqamətdə müəyyən addımlar atmağa başlamışıq.
Ona görə də Azərbaycanın "elektron hökumət" layihəsi bizim üçün maraqlıdır.Onu da qeyd edim ki, Bakıda keçirilən tədbirlər zamanı internetlə bağlı əldə etdiyimiz təcrübələrə həm də ondan istifadə ilə bağlıdır. Yəni biz internetin Misirdə inqilaba səbəb olduğunu görürük. Orada inqilablar internetdəki müxtəlif sosial şəbəkələr və «Facebook» vasitəsilə həyata keçirildi. Eləcə də görürük ki, Tunisdə internet rəqəmsal inqilab rolunu oynayır. Yəni bütün bunlar günümüzün reallıqlarıdır. İndi mən burada internet üçün ayrıca bir tərif vermək niyyətində deyiləm. Lakin görünən odur ki, hazırda internet insanlar üçün çox böyük üstünlüklər yaradır və bütün dünyanın da bu üstünlüklərdən əldə etdiyi təcrübəni bir-biri ilə bölüşməsi olduqca müsbət haldır.
Azərbaycanda görürük ki, internet tam olaraq azaddır. İnsanlar istədikləri saytlara daxil ola bilir və sosial şəbəkələrdə də istədikləri fikirləri yaya bilirlər. İnsanın özünü sərbəst formada ifadə edə bilməsi tam azadlığın təzahürüdür. Gördüklərimizdən aydın olur ki, Azərbaycan hökuməti internetin azad olmasında maraqlıdır və eləcə də ölkədə informasiya-kommunikasiya texnologiyalarının daha da inkişaf etdirilməsi istiqamətində dövlət səviyyəsində geniş layihələr həyata keçirir.
- Azərbaycanın İKT sahəsində əldə etdiyi inkişafı necə qiymətləndirirsiniz?
- Öncə deyim ki, mən 3-4 il bundan əvvəl Bakıda olmuşam. Budəfəki gəlişim artıq mənim ikinci səfərimdir. Sizi inandırım ki, Azərbaycan 3-4 il ərzində aglasığmaz dərəcədə inkişafa nail olub. Bu gün görürəm ki, siz çox gözəl inkişaf istiqaməti götürmüsünüz və biz də hər zaman bu cür surətli inkişafı arzulamışıq. Mən Bakının müsbətə doğru çox dəyişməsini gördüm və düşünürəm ki, bu, Azərbaycan üçün çox yaxşı uğurdur. Hesab edirəm ki, 5 ildən sonra yenə gəlsəm, bir daha Bakını tanımayacam. Sizin inkişafınız, məncə, bütün inkişaf etməkdə olan ölkələrə bir örnək ola bilər.
Azərbaycan internet və eləcə də informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük uğurlar əldə edib. Görürük ki, sizin ölkələriniz internet xidmətləri hazırlayır və özünün İKT məhsullarını bazara çıxardır. Eyni zamanda burada da bildirilir ki, Azərbaycan internet xidmətlərini ixrac edir və bölgənin bu istiqamətdə aparıcı ölkəsinə çevrilib. Əlbəttə ki, bu, olduqca böyük uğur və nailiyyətdir.
Mən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşdüm. Onunla söhbət etdik. Şahidi oldum ki, cənab nazir ölkənizdə çox mühüm işlər görür. Düşünürəm ki, siz bundan da çox inkişafa nail olacaqsınız. Çünki bunun üçün geniş potensialın burada olmasının şahidi oldum. Hesab edirəm ki, Azərbaycanda gedən bu inkişafın əsas səbəbkarı da prezident İlham Əliyevdir. Həqiqətən də İKT layihələrinin dövlət tərəfindən dəstəklənməsi və prezidentin bu sahənin daha da inkişaf etdirilməsində maraqlı olması ölkənizi regionda liderliyə qədər apara bilib. O baxımdan qeyd etməliyəm ki, sizin təcrübəniz bizim üçün olduqca əhəmiyyətlidir. Ona görə də ölkələrimiz arasında bu təcrübələrin bölüşdürülməsinə böyük əhəmiyyət veririk.
Yeri gəlmişkən onu da qeyd edim ki, Azərbaycan xalqı dostpərvər xalqdır. Bu dostpərvərliyi hər addımımda hiss etdim. Mənim yeganə amalım cənab Əli Abbasovun simasında Azərbaycan hökumətilə dostluq münasibətlərini daha da dərinləşdirmək və iki ölkə arasında əlaqələri daha da yaxşı şəkildə inkişaf etdirməkdir.
- Siz öz ölkənizlə Azərbaycan arasında İKT sahəsi üzrə konkret hansı mövzularda əməkdaşlıq etmək və birgə layihələr həyata keçirməyi düşünürsünüz?
- Bilirsiniz ki, Azərbaycanla bizim ölkə arasında dostluq münasibətləri var. Mənim bura gəlməyimin əsas səbəblərindən biri də iki ölkə arasında olan bu münasibətləri daha da inkişaf etdirməkdir. Eləcə də biz çalışırıq ki, Azərbaycan Əfqanıstanda "Elektron hökumət" quruculuğunda iştirak etsin. Bu istiqamətdə sizin böyük təcrübənizin olduğunu gördük. Bu təcrübənin də bizim ölkədə tətbiqinin arzulandığını bildirmək istərdim. Digər tərəfdən biz də elektron xidmətlərin yaradılıb inkişaf etdirilməsində maraqlıyıq. Amma bu da son deyil. Yəni əməkdaşlıq çərçivəsində digər layihələr də nəzərdən keçirilə bilər.
- Azərbaycan şirkətlərinin ölkənizdə İKT üzrə hansı sahələrdə iş qurmasına ehtiyacın olduğunu hesab edirsiniz?
- Əfqanıstanın qapıları Azərbaycanın bütün şirkətləri üçün açıqdır. Bizə onlarla birgə işləmək xoşdur. Yeri gəlmişkən, bildirim ki, biz növbəti ildə internet konfransı keçirməyi planlaşdırırıq. Ümid edirik ki, bu konfransda Azərbaycan rəsmiləri ilə yanaşı, şirkətləri də iştirak edəcəklər. Azərbaycanda bu inkişafı gördükdən sonra biz sizin şirkətlər üçün Əfqanıstanda iş qurmaqla bağlı lazımi dəstəyi verməyə də hazırıq.
Bilirsiniz ki, mənim ölkəm inkişaf baxımından xeyli geriyə qalıb. Biz yalnız indi elektron idarəçilik sistemini yaratmağa başlamışıq. Azərbaycan bu istiqamətdə çox inkişaf etdiyindən onun şirkətləri də öz təcrübələrini Əfqanıstana gətirə bilərlər. Biz internetdən xalqa xidmət üçün necə istifadə etməyi öyrənib onu tətbiq etməyə çalışırıq.
Seymur Qasımbəyli
24/11/12 Çap et