Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Serbiyanın xarici və daxili ticarət və telekommunikasiya nazirinin Azərbaycana səfəri başlayıb


Serbiya Hökumətində baş nazirin müavini, xarici və daxili ticarət və Telekommunikasiya naziri Rasim Lyaiçin Azərbaycana səfəri başlayıb. Səfər noyabrın 27-də Bakıda keçiriləcək Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasında iştirak etmək məqsədi daşıyır.

 “ICTnews” elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, iclasda Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, komissiyanın 1-ci iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Serbiya tərəfdən isə baş nazirin müavini, xarici və daxili ticarət və telekommunikasiya naziri Rasim Lyaiçdir.

Hökumətlərarası Komissiyanın 2-ci iclası çərçivəsində noyabrın 26-da Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Serbiya biznes forumu keçiriləcək. Tədbirdə qida sənayesi, kənd təsərrüfatı, ticarət, maşınqayırma, tikinti, nəqliyyat, İKT, turizm, avadanlıqların istehsalı, plastik qablaşdırma və tara istehsalı və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edəcək.

Biznes forum çərçivəsində hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.

HƏQİQƏT




26/11/12    Çap et