Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil rabitə sahəsində bağlanmış müqavilələrin sayı 6,4 milyarda çatıb
“Ericsson” şirkətinin hesabatına əsasən, informasiya-kommunikasiya texnologiyaları yüksələn xətlə inkişaf edir. Qeyd edək ki, telefon və mobil internetə çıxış xidmətlərindən istifadə qiymətlərinin azalması buna imkan yaradır.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, ötən rüb mobil rabitə operatorları ilə bağlanmış abunəçi müqavilələrinin 75 faizi Asiya və Afrikanın payına düşüb. Belə ki, 3 ay ərzində Çində 31 milyon, Afrikada 25 milyon müqavilə bağlanılıb. Müqayisə üçün qeyd edək ki, müvafiq dövrdə Qərbi Avropada yalnız 1 milyon, Şimali Amerikada isə 2 milyon müqavilə bağlanılıb.
Mobil rabitə sahəsində bağlanmış müqavilələrin ümumi sayı 6,4 milyarda çatıb. Bu halda mobil operatorların xidmətindən isə 4,3 milyard insan istifadə edir.
Mobil şəbəkələr vasitəsilə ötürülən trafikin həcmi sürətlə artır. Mobil operatorlar hər ay 900 petabayta qədər məlumat və 190 petabayt səs informasiyası emal edirlər. 2018-ci ilə qədər trafikin həcmi ay ərzində 13 min petabayta qədər artacaq.
Hazırda təxminən 100 “LTE” dördüncü nəsil şəbəkəsi işə salınıb və əhatə dairəsi 455 milyona bərabərdir. “Ericsson” hesab edir ki, 2017-ci ildə “LTE” xidmətləri Yer kürəsi əhalisinin yarısına əlçatan olacaq.
EMİL
27/11/12 Çap et