Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” şirkəti “Windows XP” əməliyyat sistemini dəfn etməyə hazırlaşır
“Windows XP” əməliyyat sisteminin (ƏS) rəsmi çıxarılmasından təxminən 11 il ötməsinə baxmayaraq, bu ƏS-nə korporativ və istehlak dairələrdə əvvəlki kimi tələbat var. O, yalnız 2012-ci ilin sentyabrında kompüter proqram platformaları reytinqində “Windows 7” ƏS-nə uduzaraq ikinci pillədə qərarlaşıb.
Lakin “Windows XP” ƏS-nin “dəfn” tarixi müəyyənləşib: belə ki, “Microsoft” şirkəti köhnəlmiş ƏS-nin dəstəklənməsinin dayandırılmasına qədər qalmış vaxtı hesablayan taymeri işə salıb.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, proqram nəhəngi 2014-cü il aprelin 8-nə qədər (təxminən 500 gün) “Windows XP” ƏS-ni texniki cəhətdən dəstəkləyəcək və yeniləmələr çıxaracaq. Britaniyanın “Camwood” şirkəti, həmçinin öz tərəfdaşlarına və müştərilərinə bu barədə bildirib. Qeyd edək ki, “Camwood” şirkəti onlara yeni ƏS-i və proqram təminatına keçməkdə yardımçı olur.
Qeyd edək ki, “Windows XP” Amerika korporasiyasının ən uğurlu müasir ƏS-dir. “Microsoft”un məhsulları arasında yalnız o, zirvədə uzun müddət qalıb. “Netmarketshare”-in 2012-ci ilin sentyabrına olan məlumatına əsasən, son 2 il ərzində “XP” ƏS-nin bazar payı 61,91-dən 42,52 faizə qədər azalıb və həmin dövrdə “Windows 7” ƏS-nin populyarlığı 17,64-dən 42,76 faizə qədər artıb. Beləliklə, 11 yaşlı “Windows XP” ƏS-i təxminən 3 ay bundan əvvəl liderliyini əldən verib.
EMİL
27/11/12 Çap et