Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gələn ay “Milli Net”in qaliblərinin adları açıqlanacaq
“Milli Net”də (MN) saytların qeydiyyatı başa çatıb. MN-in Təşkilat Komitəsindən “ICTnews.az” elektron xəbər xidmətinə verilən məlumata görə, bu il Milli İnternet Mükafatına 13 nominasiya üzrə 399 sayt təqdim olunub.
Bu müddət bitdikdən sonra istifadəçilər yalnız müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yazmaq üçün qeydiyyatdan keçə bilərlər.
Bu müddətədək saytlarını qeydiyyatdan keçirib təqdim edənlər, lakin müxtəlif problemlər səbəbindən “Milli Net” TK tərəfindən müsabiqəyə buraxılmayanlar və gözləmədə olanlar 1-ci səsvermə başa çatanadək yenidən müraciət edə bilərlər.
Hazırda “Milli Net”ə qəbul edilən saytların 1-ci səsvermə prosesi davam edir və 30 noyabr tarixində başa çatacaq. 1-ci səsvermənin yekunu olaraq “Milli Net”in nominantları seçiləcək və nominantlar arasından 2-ci səsvermə nəticəsində Milli İnternet Mükafatının qalibləri müəyyən olunacaq.2-ci səsvermə prosesi 03 dekabr tarixdə başlayacaq və 15 dekabr tarixdə yekunlaşacaq.
Münsiflərin verdikləri qiymətlər yalnız təqdimat mərasimindən sonra açıqlanacaq. Qaliblərin mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqənin baş sponsoru “Azercell” şirkətidir. RİTN, “Delta Telecom” və “SAZZ” şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.
SEYMUR
27/11/12 Çap et