Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar» mövzusunda konfrans işə başlayıb


Azərbaycan Müəllimlər İnstitutunda (AMI) «Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar» mövzusunda konfrans işə başlayıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu və Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası Təhsil Menecmenti Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Türkiyə, Rusiya, Moldova, Ukrayna, Pakistan, Gürcüstan, Hindistan, İspaniya, Belarus və Uruqvayın bir sıra ali məktəblərinin rektorları, tanınmış pedaqoqlar və elm adamları iştirak ediblər. Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı konfransın həm nəzəri, həm də praktiki əhəmiyyət kəsb edən aktual problemlərə həsr olunduğunu bildirib və müasir dövrdə müəllim hazırlayan ali məktəblərin qarşısında duran ümdə vəzifələrdən söz açıb. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsində müəllim hazırlığı, əlavə təhsillə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı danışıb.

Təhsil naziri Misir Mərdanov konfrans iştirakçılarını salamlayaraq tədbirdə müzakirə olunacaq mövzuların aktuallığı barədə fikirlərini bildirib. Nazir konfransda ilkin müəllim hazırlığı, əlavə təhsil və onun istiqamətlərindən biri olan ixtisasartırma problemlərinin müzakirə ediləcəyini söyləyib. Hər bir ölkənin gələcəyinin ilk növbədə, həmin ölkədə təhsilin inkişafından, məktəb və müəllimin fəaliyyətindən birbaşa asılı olduğunu deyən Misir Mərdanov dünyada tanınmış şəxsiyyətlərin müəllim haqqında söylədiyi dəyərli fikirləri diqqətə çatdırıb.

Ölkəmizdə müəllim hazırlığı və pedaqoji təhsilin təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlar barədə konfrans iştirakçılarına geniş məlumat verən nazir Azərbaycanda təhsil infrastrukturunun əsaslı şəkildə yeniləşdirildiyini, məzmun islahatları, yeni nəsil dərsliklərin, yeni qiymətləndirmə sisteminin tətbiqi sahəsində əhəmiyyətli nailiyyətlərin əldə olunduğunu bildirib. Təhsil naziri müasir dövrdə müəllim hazırlığı və əlavə təhsilin qarşısında duran bir sıra mühüm vəzifələrə də toxunub. Nazir, həmçinin hazırda əlavə təhsilin istiqamətləri arasında daha çox diqqət yetirilən sahə olan ixtisasartırma təhsilindən, bununla bağlı həyata keçirilən tədbirlərdən söhbət açıb.

Təhsil naziri yeni ixtisasartırma modelinin üstünlüklərini və ənənəvi modeldən fərqli cəhətlərini diqqətə çatdırıb, təhsildə İKT-nin tətbiqi məsələlərindən bəhs edib. Respublikamızda müəllim hazırlığı və əlavə təhsilin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışan Misir Mərdanov konfransın müəllim hazırlığı, əlavə təhsil, ixtisasartırma təhsili və digər məsələlərlə bağlı təcrübə mübadiləsi aparmaq, həmçinin müvafiq problemlərin təhlili baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Tədbirdə Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası Təhsil Menecmenti Universitetinin rektoru Viktor Oleynik “Ukraynada diplomdansonrakı təhsil sistemi üçün elmi və elmi pedaqoji kadrların hazırlanması: yanaşmalar və perspektivlər” mövzusunda təqdimat edib.

Sonra konfrans öz işini 6 bölmə üzrə davam etdirib. 3 gün davam edəcək beynəlxalq konfransda müasir şəraitdə müəllim hazırlığının aktual məsələlərindən, bu sahədə yeni təlim texnologiyalarının əhəmiyyətindən, əldə edilmiş uğurlardan söz açılacaq, çoxsaylı məruzələr dinləniləcək, müəllim hazırlığının inkişaf perspektivləri müəyyənləşdiriləcəkdir.

Konfrans çərçivəsində, həmçinin ukraynalı elm adamlarının iştirakı ilə «Ukraynada diplomdansonrakı pedaqoji təhsilin modernləşdirilməsi» mövzusunda «dəyirmi masa»nın təşkil edilməsi nəzərdə tutulub.
 
HƏQİQƏT





27/11/12    Çap et