“İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda sayca 4-cü tədbir keçirilib
Füzuli rayonunun Horadiz qəsəbəsində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda sayca 4-cü tədbir keçirilmişdir.
Tədbirdə Füzuli və ətraf rayonların icra hakimiyyətlərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” və “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Nazirlikdə qabaqcıl informasiya texnologiyalarının tətbiqinə böyük önəm verildiyini vurğulayan Zaur Qasımov elektron xidmətlərin tətbiqinin modern və çevik idarəetmənin təmin edilməsində, şəffaflığın daha da artırılmasında, işin səmərəli təşkilində və vaxt itkisinin qarşısının alınmasında xüsusi önəm kəsb etdiyini diqqətə çatdırmışdır.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin “
http://www.economy.gov.az/” internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların və malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Ümumiyyətlə, nazirlik tərəfindən 7 istiqamətdə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir.
Artıq sahibkarlar İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edərək tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini onlayn rejimində həyata keçirə bilər və ya ödənişə dair təsdiqedici sənədləri elektron qaydada müvafiq sənədlərə əlavə edərək göndərə bilərlər. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da həyata keçirilir. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının onlayn rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb.
Bütün bunlarla yanaşı, İqtisadi İnkişaf Nazirliyinin elektron informasiya resursları vasitəsilə vətəndaşların onlayn rejimində qəbula yazılmaları, onların müraciətlərinin onlayn rejimində qəbulu və cavablandırılması, vətəndaşların nazirliyin məsul işçiləri ilə canlı videoəlaqəsi, vətəndaşlarla onlayn rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), sahibkarlar və vətəndaşlar üçün uzaqdan onlayn rejimində videotəlim sistemi,
“http://www.icazeler.gov.az/” icazələrin elektron informasiya portalı,
“http://www.b2b.az/” elektron ticarət portalı, sahibkarlıq subyektləri və vətəndaşlar üçün nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlərin göstərilməsi təşkil olunmuşdur.
İqtisadi İnkişaf Nazirliyinin Xarici ticarət siyasəti və Ümumdünya ticarət təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov nazirlik tərəfindən Avropa İttifaqının “İqtisadi İnkişaf Nazirliyinə dəstək” layihəsi çərçivəsində Avropa İttifaqı bazarına Azərbaycandan ixracın asanlaşdırılması məqsədilə yaradılmış ixracata yardım xidmət mərkəzinin internet səhifəsi, bu səhifədən istifadə qaydaları, sahibkarların bu saytdan necə faydalana biləcəkləri və Avropa İttifaqının Ümumiləşdirilmiş İmtiyazlar Sistemi (GSP) barədə sahibkarları məlumatlandırmışdır.
Tədbirdə çıxış edən İstehlak Mallarının Ekspertizası Bürosunun əməkdaşı Elçin Məlikov malların mənşə və keyfiyyət sertifikatlarının alınmasında elektron xidmətlərdən istifadə qaydaları barədə məlumat vermiş, elektron xidmətlərin xüsusi əhəmiyyətini vurğulamışdır.
İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri tədbir iştirakçıları üçün əyani olaraq lisenziyaların, mənşə və keyfiyyət sertifikatlarının alınması, qrant müqavilələrinin qeydiyyatı və s. xidmətlərdən onlayn rejimində istifadə prosedurunu nümayiş etdirmişlər.
HƏQİQƏT