Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hər bir sakin ərazi üzrə polis sahə rəisləri haqqında zəruri məlumatları internet vasitəsilə öyrənə bilər
«Respublika ərazisində ictimai asayişin qorunması sahəsində funksiyaların icrası, polis sahə məntəqələrinin işinin təkmilləşdirilməsi, müasir tələblərə uyğun və informasiya-kommunikasiya texnologiyalarından istifadə edilərək səmərəli təşkili, əhali ilə əlaqələrin genişləndirilməsi, bütövlükdə səmərəli fəaliyyət üçün zəruri şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 12 mart 2007-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası davam etdirilib».
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Daxili İşlər Nazirliyində "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi", "Polis sahə rəislərinin və sahə inspektorlarının fəaliyyətinin təşkili" və "Cinayət və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması" sahələrində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclasında Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov söyləyib.
O bildirib ki, ötən dövrdə 72, o cümlədən Bakı şəhəri üzrə 42 polis sahə məntəqəsi istifadəyə verilib, habelə 33-nün tikintisi davam etdirilir: «Polis sahə məntəqələrinin ünvanları, telefon nömrələri, vətəndaşların qəbul günləri və saatları, orada xidmət aparan əməkdaşlar barədə zəruri məlumatlar və onların əlaqə telefonları nazirliyin web-saytına yerləşdirilib.
Polis sahə məntəqələrində vətəndaşların qəbulu işi xeyli yaxşılaşıb, qəbula gələn vətəndaşların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxalıb. İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaşların könüllü iştirakı ilə bağlı DİN-in aidiyyəti əmrlərinin icrası da xüsusi nəzarətdə saxlanılıb, İctimai Şuraların formalaşdırılması işi yekunlaşıb və bu günədək 3.810 vətəndaş, o cümlədən 192 nəfər təqaüddə olan polis əməkdaşı Şura üzvlüyünə qəbul edilib».
SEYMUR
28/11/12 Çap et