Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“BlackBerry” korporativ sektorda liderliyini əldən verib
2012-ci il “Research In Motion” (RIM) şirkəti üçün rəhbərliyin dəyişilməsi, bazar payının azalması, təxirə salınmış “BlackBerry 10” əməliyyat sistemi kimi xoşagəlməz hadisələrlə yadda qalıb. Bütün bunlarla yanaşı, cari ilin sonuna yaxın Kanadanın smartfon istehsalçısı daha bir xoşagəlməz hadisə ilə üzləşib.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “IDC” tədqiqat agentliyindən verilmiş məlumata əsasən, əvvəldən əsasən korporativ istifadəçilər üçün nəzərdə tutulmuş “BlackBerry” platformasına biznes nümayəndələri arasında maraq getdikcə azalır.
Ekspertlərin hesablamalarına görə, “RIM” 2011-ci ildə korporativ sektor üçün 22,4 milyon “Blackberry” smartfonu istehsal edib. 2012-ci ildə “Enterprise” sektorunda bu qurğuların satın alınması 4 dəfə azalaraq 5,2 milyona bərabər olub. Müqayisə üçün, biznes “Android” platforması əsasında işləyən 15.1 milyon smartfon satın alıb. Bu göstərici ötən illə müqayisədə 3 dəfə çoxdur. “iOS” platforması ilə işləyən qurğuların satış həcmi əvvəlki kimi 31,1 milyon təşkil edib.
“Jefferies” şirkətinin analitiki Piter Misek (Peter Misek) bildirib ki, “BlackBerry 10” ƏS-nin istifadəyə verilməsi və müştərilərin yeni məhsula reaksiyası “RIM” şirkəti üçün dönüş nöqtəsi olacaq. Belə ki, şirkətin mobil bazarda işini davam edib-etməyəcəyi aydın olacaq. Kanada şirkəti yeni əməliyyat sistemini 2013-cü il yanvarın 30-da təqdim edəcək.
EMİL
28/11/12 Çap et