Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Böyük İqtisadi Ensiklopediya”da informasiya-kommunikasiya texnologiyaları sektorunun iqtisadi inkişafdakı rolu xüsusi qeyd edilir
“Bir gerçəklikdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əzmkar fəaliyyəti ilə aparılan miqyaslı islahatlar nəticəsində ölkə iqtisadiyyatında daha geniş möhtəşəmlik əldə olunmuşdur. Milli neft strategiyasının multiplikativ effektləri iqtisadi artımda yeni özək təşkil edəcək qeyri-neft sektorunun formalaşmasına rəvac vermiş, neft-qaz sərvətlərinin insan kapitalına çevrilməsi mərhələsinə qədəm qoyulmuşdur.
Bu transformasiyanın mühüm elementi olaraq informasiya-kommunikasiya texnologiyaları çıxış etməkdədir. Ölkədə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi istiqamətində sistemli fəaliyyət aparılır. Odur ki, ensiklopediyada müasir dünyada informasiya cəmiyyətinə keçid prosesinin özəllikləri, informasiya-kommunikasiya texnologiyaları sektorunun iqtisadi inkişafdakı rolu xüsusi qeyd edilir.
Bu sahədə Azərbaycandakı sürətli inkişaf ön plana çəkilir, onun yeni institusional yaranışlardakı əhəmiyyətini genişliklə əks etdirən yazılar, məqalələr, müvafiq indekslər və reytinq cədvəlləri verilir”. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikir akademik Asəf Nadirov və iqtisad elmləri doktoru, professor Elşən Hacızadənin həmmüəllifliyi ilə “Azərbaycan” qəzetində dərc olunmuş “Azərbaycanın Böyük İqtisadi Ensiklopediyası var” adlı məqalədə yer alıb. Məqalədə bildirilir ki, Azərbaycanda ensiklopediya mədəniyyətinin öz tarixi var. Bu mühüm və dəyərli fəaliyyətin ən böyük yüksəliş çağları ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndərin təşəbbüsü və dəstəyi ilə 1976-1987-ci illərdə çap edilmiş “Azərbaycan Sovet Ensiklopediyası” ölkə tarixinə bilik və məlumatların bütün sahələrini əhatə edən ilk fundamental əsər kimi daxil olmuşdur. Böyük elmi potensialın cəlb edilməsi ilə hazırlanan bu oncildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında tarixi hadisəyə çevrildi. Elmi-informativ zənginliyi, məzmun mükəmməlliyi baxımından bu sanballı nəşr indi də öz möhtəşəmliyini saxlamışdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra dövrün tələblərinə cavab verən yeni ensiklopediyanın yaradılması zərurəti meydana çıxdı.
Prezident İlham Əliyev dövlət əhəmiyyətli bu mühüm işin həyata keçirilməsini, ensiklopediyanın yüksək elmi səviyyədə hazırlanıb nəşri üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını təmin etmək məqsədilə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması haqqında”, həmçinin “Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamlar imzalamışdır.
Yeni milli ensiklopediyanın hazırlanmasında azərbaycançılıq ideologiyası təməl prinsipi kimi önə çəkilmiş, onun respublikamızın yeni dövrdəki tələblərinə cavab verməsi, xalqımızın həyatındakı mühüm tarixi, ictimai-siyasi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirməsi kimi mühüm vəzifələri müəyyənləşdirilmişdir. Ölkə rəhbəri İlham Əliyevin baş redaktorluğu ilə nəşr olunan Azərbaycanın Milli Ensiklopediyasının artıq ilk cildləri oxucuların istifadəsinə verilmişdir. Ensiklopediya mədəniyyətinin inkişafı, onun müxtəlif sahələr üzrə yeni motivasiyalarda şaxələndirilməsi imkanlarını xeyli dərəcədə genişləndirmişdir.
Bu baxımdan ölkəmizdə də sahəvi ensiklopediyaların hazırlanmasına və nəşrinə ehtiyac və zərurət yaranmışdır. Xüsusən ictimai elmlər arasında özünəməxsusluğu ilə seçilən və daim inkişafda olan iqtisad elminin cəmiyyətdə artan rolu bu istiqamətdə ayrıca predmetik təyinatlı ensiklopediyanın yaradılması məsələsini də aktuallaşdırmışdır.
Bu artan aktuallığı sovet sisteminə xas ideoloji məhdudiyyət və qadağaların aradan qaldırılması, qloballaşan dünyanın yeni çağırışları ilə yanaşı, həm də Azərbaycanda keçid dövrünün başa çatması, milli iqtisadiyyatın modern əsaslarda davamlı inkişafının sürətləndirilməsi və respublikanın dünya birliyi ölkələri sırasında rolunun və yerinin daha da möhkəmləndirilməsi reallıqları obyektiv zərurətə çevirmişdir.
Zamanın bu tələblərinə cavab olaraq akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə respublikada ilk dəfə irihəcmli fundamental “Böyük İqtisadi Ensiklopediya” hazırlanmış və nəşr edilərək oxucuların müzakirəsinə verilmişdir. Beş cilddən ibarət, 10 minə yaxın termin, iqtisadi anlayış və məqaləni özündə ehtiva edən “Böyük İqtisadi Ensiklopediya” çoxsaylı nəzəri, faktoroloji material əsasında ictimai həyatdan gələn sualları cavablandırmaqla oxucuya çoxsaylı iqtisadi hadisələr, kateqoriyalar, modellərlə bağlı zəruri bilgilər verir.
Burada makroiqtisadi tarazlıq, marketinq, investisiya, menecment, maliyyə, audit, mühasibatlıq, pul-kredit, qiymətli kağızlar bazarı, rəqabət, inhisar, innovasiyalar, nanoiqtisadiyyat və digər bu kimi çoxsaylı anlayışların mahiyyəti yeni elmi interpretasiyada acıqlanır, iqtisadiyyatın bütün səviyyələri üzrə, müxtəlif iqtisadi nəzəriyyələr, iqtisadi sistemlərin problemləri, elmi iqtisadi məktəblər və onların görkəmli nümayəndələri haqqında mühüm məlumatlar əksini tapır. Ensiklopediyanın hazırlanmasında dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyat lüğətlərindən, statistik külliyyatlardan, beynəlxalq iqtisadi, maliyyə-bank, əmək təşkilatlarının internet resurslarından səmərəliliklə istifadə olunmuşdur.
HƏQİQƏT
28/11/12 Çap et