Virtual məkanda azərbaycandilli saytlarda, e-dərsliklərdə, e-qəzetlərdə yad sözlər operativ olaraq aşkar ediləcək
Nazirlər Kabineti (NK) "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə qərar qəbul edib. "ICTnews" elektron xəbər xidməti NK-nın rəsmi internet səhifəsinə istinadən bildirir ki, sözügedən qərar "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamının 5-ci hissəsinə əsasən qəbul edilib. Əsasnamədə qeyd olunur ki, komissiya Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni ədəbi anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarını həyata keçirir. Komissiya ictimai əsaslarla fəaliyyət göstərir və öz fəaliyyətində qanunları, Prezidentin fərman və sərəncamlarını, NK-nın qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını rəhbər tutur.
Komissiyanın qarşısında bir sıra vəzifələr qoyulub. Bu vəzifələrə terminlərin dövri mətbuatda, televiziya və radioda, orta və ali məktəblərin dərsliklərində, idarə və müəssisələrin kargüzarlıq işlərində düzgün istifadəsinə nəzarətin aparılması, elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı nəticəsində terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsini və inkişafını nəzərə alaraq, qanunvericilik aktlarında terminlərin düzgün işlənməsinə nəzarət məqsədi ilə onların qəbulu mərhələsində terminoloji ekspertizanın təşkil edilməsi, müasir qloballaşma şəraitində Azərbaycan dilində müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayının sürətlə çoxalmasını nəzərə alaraq, dilimizin milli köklərinin qorunması, həmçinin zənginləşdirilməsinin davam etdirilməsi məqsədi ilə eyni tarixi-mənəvi kökə malik türk xalqlarının ortaq terminoloji bazasının yaradılması, müvafiq termin yaradıcılığının unifikasiyası normaları və metodoloji prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycanda yaradılan terminoloji saytların beynəlxalq səviyyədə dillərarası terminoloji lüğətlərin toplanması istiqamətində fəaliyyət göstərən, YUNESKO-nun himayəsi ilə təşkil olunmuş Beynəlxalq Terminologiya Mərkəzinə - "TermNet" şəbəkəsinə qoşulmasının təmin edilməsi kimi bir sıra vacib məsələlər daxildir.
Komissiya Azərbaycan dilinin lüğət tərkibinə daxil olan yeni terminlərin geniş ictimaiyyətə çatdırılması və onların müzakirəsinin təmin edilməsi məqsədi ilə "Yeni terminlər " bülletenini nəşr etdirmək, ölkədə terminoloji mühitin nəzarətdə saxlanılması məqsədi ilə müntəzəm monitorinqlər aparmaq, 3.1.3. dilin terminoloji bazasını yad təsirlərdən qorumaq, inkişaf etdirmək, dünya azərbaycanlılarının müraciət imkanı olan onlayn resurs bazasının formalaşdırılması və bütövlükdə yeni terminlərin yaradılması prosesində virtual məkanın imkanlarından istifadə etmək, o cümlədən, interaktiv forumlar vasitəsilə bu prosesə geniş ictimaiyyəti cəlbetmə, müxtəlif elm sahələrinə aid terminoloji lüğətlərin elektron variantlarının virtual məkanda yerləşdirilməsini həyata keçirmək, Azərbaycan dilinin terminoloji arealının (sahəsinin) müasir metodlarla zənginləşdirilməsi, mövcud terminoloji lüğətlərin vahid mərkəzdə toplanılması, terminlərin izahı və müxtəlif dillərdə qarşılığının tapılması, həmçinin termin yaradıcılığına cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən xaricdə yaşayan soydaşlarımızın cəlb edilməsi məqsədlərinə xidmət edən Azərbaycan terminologiyasının veb-portalının (
http://www.aztermin.az/) fəaliyyətini təmin etmək, virtual məkanda azərbaycandilli kontentlərdə (veb-saytlarda, e-dərsliklərdə, e-qəzetlərdə və s.) yad sözləri operativ olaraq aşkar etmək, kontent sahiblərini və ictimaiyyəti məlumatlandırmaq, statistik məlumatlar toplamaq, dilin terminoloji tələblərinə əməletmə göstəricilərinə görə reytinqlər müəyyən etmək, terminoloji bazaya daxil ediləcək yeni terminləri müəyyənləşdirmək və s. üçün onlayn terminoloji nəzarət sisteminin (e-terminoloji monitorinq) yaradılmasını müvafiq qaydada təmin etmək kimi hüquqları vardır.
SEYMUR