Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın məhkəmə sistemində İKT-nin tətbiqi üzrə görülən işlər müzakirə olunub


Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb.

"ICTnews" elektron xəbər xidmətinin Ədliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və Avropa Şurası arasında əməkdaşlığın səmərəliliyi vurğulanıb, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin müasirləşdirilməsi, yeni infrastrukturun yaradılması, ən son İKT-nin  tətbiqi üzrə görülən işlər qeyd olunub, hakimlərin şəffaf seçiminin Avropada örnək kimi dəyərləndirildiyi bildirilib. Eyni zamanda, elektron ədliyyənin inkişafı, müasir penitensiar komplekslərin inşası üzrə aparılan tədbirlər qonaqların diqqətinə çatdırılıb.

Həmməruzəçilər Azərbaycanın keçdiyi inkişaf yolunu təqdir edib, ölkəmizə hərtərəfli dəstək göstərməyə hazır olduqlarını vurğulayıblar. Qonaqlar həmçinin, Ədliyyə Nazirliyi ilə qarşılıqlı fəaliyyətdən məmnunluqlarını ifadə edib, cəzaçəkmə müəssisələrində saxlanma şəraiti ilə tanış olmaq üçün imkan yaradılmasına görə minnətdarlıqlarını bildiriblər.

Söhbət zamanı, İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, o cümlədən ədalətli məhkəmə, sərbəst toplaşmaq, mülkiyyət və s. hüquqlarının tətbiqi barədə fikir mübadiləsi aparılıb, qaldırılan məsələlərə aydınlıq gətirilib.

CAHANGİR





29/11/12    Çap et