Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan Muxtar Respublikası RİTN-də yarım ilin yekunlarına həsr edilmiş kollegiya iclası keçirilib


Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2011-ci ilin I yarımilliyinin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov qeyd etmişdir ki, bu gün Muxtar Respublikada ümummilli lider Heydər Əliyevin yolu Muxtar Respublika rəhbəri tərəfindən uğurla davam etdirilir. Əvvəlki illərdə olduğu kimi, cari ilin I yarısında da qəbul olunmuş Dövlət proqramlarının, İş Planının icrası Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılaraq, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 15 iyul 2011-ci il tarixli fərmanının bu istiqamətdə həyata keçirilən layihələrə ciddi təkan verdiyini bildirmişdir. Bu fərmanın dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsinin təşkili və genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıdığını, konkret məsələlərin həllinə yönəldiyini vurğulayan nazir görüləcək işləri diqqətə çatdırmışdır. Fərmanın icrası ilə əlaqədar nazirlikdə 14 nəfərdən ibarət işçi qrupunun yaradıldığını qeyd etmişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə 2011-ci ilin I yarısında telekommunikasiya sahəsində görülmüş işlər və mövcud vəziyyət, nazirlik və ona tabe müəssisələrdə yarımillik üzrə maliyyə və iqtisadi göstəricilərin icra vəziyyəti, poçt rabitəsi sahəsində görülmüş işlər, efirə nəzarət sahəsinin və Muxtar Respublika ərazisində radio-televiziya proqramlarının yayım vəziyyəti və İş Planının icra vəziyyəti haqqında məruzələr dinlənilmişdir.
Qeyd olunmuşdur ki, 2011-ci ilin I yarımilində nazirliyin tarif gəliri 2.592.844 manat olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 188.034 manat əlavə gəlir əldə edilmişdir. Muxtar Respublika üzrə ümumilikdə 1073 ədəd yeni telefon nömrəsi istismara verilmişdir.
Hesabat dövrü ərzində Naxçıvan-Şahbuz optik magistral xəttinin tikintisi başa çatdırılmış, Vayxır, Məzrə, Kərimbəyli avtomat telefon stansiyaları optik bağlantılarla təmin edilmişdir.
Ordubad rayonunun Gənzə, Şərur rayonunun Aralıq kəndlərində DSLAM avadanlığı quraşdırılaraq sürətli internet xidməti istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti Mərkəzi ilə Sədərək Gömrük məntəqəsi, Naxçıvan Beynəlxalq Hava Limanı, Şaxtaxtı Gömrük məntəqəsi, Culfa Gömrük İdarəsi arasında daxili şəbəkə yaradılmışdır.
Azərbaycan RİTN-in maliyyə dəstəyi ilə Şərur və Sədərək rayonları ərazisində mövcud avtomat telefon stansiyalarının Yeni Nəsil (NGN) Telekommunikasiya sistemi ilə əvəz edilməsi üçün müqavilə bağlanılmış və növbəti rübdə işə başlanması nəzərdə tutulmuşdur.
Nazirliyin ünvanına 6 ay ərzində 124.754 kq çəkidə poçt göndərişi və bağlama daxil olmuşdur. I yarımil ərzində pul baratlarının ödənişi 3.932.041 manat, qəbulu 2.571.519 manat təşkil etmişdir.
2011-ci ilin may ayından etibarən muxtar respublika ərazisində beynəlxalq DHL express poçt xidməti fəaliyyətə başlamışdır. Poçt-maliyyə xidmətlərinin göstərməsi üçün 68 poçt şöbə və bölməsində kompyuterlərin, şəbəkənin qurulması başa çatdırılmışdır.
DVB-T rəqəmsal televiziya yayımının Muxtar Respublika ərazisində təşkilinə dair “B&B TV Kommunikeyşn” MMC-yə Naxçıvan MR Televiziya və Radio Şurası tərəfindən verilən lisenziya əsasında şirkətlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında fəaliyyət müqaviləsi imzalanmış, bu ilin sonunadək Naxçıvanda rəqəmsal televiziya yayımına başlanması üçün razılığa gəlinmişdir.
Nazirliyin sifarişi ilə hazırlanmış Naxçıvan Muxtar Respublikasına həsr olunmuş 3 növ poçt markası və 2 növ zərfin tədavülə buraxılması təmin edilmişdir. Bu ilin mart ayından başlayaraq “Kanal 35” televiziyasında yaradılan virtual studiyanın köməyi ilə “Kompyuteri öyrənirik” və “Şahmatı öyrənirik” tədris proqramları efirə vəsiqə almışdır.
Sonra nazir R.Məmmədov buraxılan nöqsanlardan danışmış, onların qısa müddətdə aradan qaldırılması üçün müvafiq tədbirlərin görüləcəyinə əmin olduğunu bildirmişdir. Kollegiya iclasında Naxçıvan Muxta Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış etmişdir.
Sonda kollegiya iclasında yekun nitqi ilə çıxış edən nazir Rövşən Məmmədov 19 iyul 2011-ci il tarixində keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasının qarşıya qoyduğu vəzifələri rəhbər tutaraq, rabitə və informasiya texnologiyaları sektorunun ənənəvi artım və dinamik inkişafının ilin ikinci yarısında da davam edəcəyinə əminliyini bildirmişdir.




25/07/11    Çap et