Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elmi Problemlər Reyestri” sisteminin yaradılması elmin idarə edilməsinə dəstəkdir
"Elmi Problemlər Reyestri" (EPR) sisteminin yaradılmasında məqsəd respublikanın ayrı-ayrı elmi qurumlarının elmi istiqamətləri və onları əhatə edən problemlər, elmi fəaliyyətləri haqqında informasiyanın toplanması, sistemləşdirilməsi və təhlili əsasında elmin idarə edilməsinə dəstəkdir. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Təhmasib Fətəliyev məlumat verib.
Onun sözlərinə görə, müasir İKT digər sahələrdə olduğu kimi elmi fəaliyyət, onun təşkili və idarə olunması məsələləri üçün də geniş imkanlar açır: "Azərbaycanda elmi fəaliyyətlə məşğul olan qurumlar AMEA-nın institutları, ali təhsil müəssisələri, nazirliklərin tabeçiliyində olan sahə-elmi tədqiqat institutları və digər qurumlardır.
Onların elmi fəaliyyətinin təşkili, idarə edilməsi və əlaqələndirilməsinə rəhbərlik edən səlahiyyətli orqan Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasıdır (RETTƏŞ). RETTƏŞ qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi isə elmin müvafiq istiqamətləri üzrə Problem Şuraları təmin edir. Müasir informasiya texnologiyalarının tətbiqi ilə problem şuralarının fəaliyyətinin yenidən qurulması elmdə səmərəli idarəetməyə gətirir.
Bu məqsədlə elmi qurumlardan toplanmış məlumatlar əsasında informasiya massivləri şəklində layihələndirilən EPR sistemi respublikanın elmi-tədqiqatla məşğul olan hər bir subyektinin fəaliyyət göstəricilərini obyektiv xarakterizə edir.
Sistemdə nəzərdə tutulmuş təhlil və qiymətləndirmələr elmi problemlərin çeşidlənməsi, elmi tədqiqatların əlaqələndirilməsi, elmi tədqiqatlarda təkrarçılığın aşkarlanması və s. məsələlərin həllində yeni keyfiyyətdə idarəetmə qərarlarının formalaşdırılması və qəbuluna dəstək verəcək".
HƏQİQƏT
30/11/12 Çap et