Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ELÇİN ZEYNALOV: "Yüksək Texnologiyalar Parkı İKT sektorunun katalizatoru rolunda çıxış edəcək və Qafqaz regionunun ən uğurlu təcrübəsi kimi beynəlxalq arenada yerini tutacaq"


Məlum olduğu kimi, 5 noyabr 2012-ci il tarixində   Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Yüksək Texnologiyalar Parkının yaradılması" haqqında Fərmanı imzalayıb.  Fərmanın məqsədi İqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər - Yüksək Texnologiyalar Parkının yaradılmasını təmin etməkdir. Parkın Sumqayıt şəhəri ərazisində yaradılması nəzərdə tutulub. Qeyd edək ki, Yüksək Texnologiyalar Parkı informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. Sözügedən Fərmanla müəyyən edilmiş həlli vacib məsələrin icrası üçün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) müvafiq tapşırıqlar verilib. Ölkəmizdə texnoparkların yaradılmasının Azərbaycan iqtisadiyyatı üçün gətirəcəyi dividentlər, bu sahədə RİTN-nin həyata keçiriyi işlər, dünya təcrübəsi, texniki xarakteriska ilə bağlı  suallarımızı RİTN-in Strateji Planlaşdırma, İnvestisiya və Elmi Potensial Şöbəsini müdiri Elçin Zeynalov cavablandırıb.
 
Bizim məqsədimiz idxal olunan məhsulların istehsalını təşkil etməkdir

 
Elçin müəllim, 200 ili əhatə edən qısa zaman kəsiyində yeni texnologiyaların sürətli inkişafı ilə həyatımızın müxtəlif sahələrində yeni tərəqqi yarışına start verilib. Qlobal inkişafı özü üçün hədəf seçən ölkələr iqtisadi inkişafını innovativ biliklərə əsaslanan yeni texinoloji istehsal üzərində qurur. Son bir neçə ildir ki, ölkəmizdə də bu istiqamətdə məqsədyönlü işlər görülür. Məsələn, bu gün Azərbaycanda Yüksək Texnologiyalar Parkının yaradılması prossesi real müstəviyə keçib..

-Bildiyiniz kimi, hazırda dünyada gedən əsas inkişaf tendensiyaları və trendləri daha çox informasiya kommunikasiya texnologiyaları amilinə söykənir. Dünya iqtisadiyyatında İKT-nin və müasir texnologiyaların aparıcı mövqeyi Azərbaycana da öz təsirini göstərib. Bu gün İKT sektoru ölkəmizin yaxın gələcək inkişafında neft gəlirlərindən asıllığını aradan qaldıra biləcək sahə kimi qəbul olunur. Bu səbəbdən, İKT-nin ölkəmizdə sürətlə inkişafını təmin etmək məqsədilə lazımi addımlar atılır ki, Yüksək Texnologiyalar Parkının yaradılması da bu addımlardan biridir.Son illər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müvafiq tapşırıqlardan irəli gələn məsələlərə çox böyük diqqətlə yanaşılır. Sahibkarların texnopark çərçivəsində fəaliyyətlərini stimullaşdırmaq üçün güzəştlərin verilməsi çox mühüm əhəmiyyət kəsb edir. Elə inkişaf etmiş ölkələrdə bu təcrübələrdən istifadə edilir. Bizim məqsədimiz idxal olunan məhsulların istehsalını təşkil etməkdir. Belə ki, illərlə bundan sonra istifadə olunan və ölkədən maliyyə axınına səbəb olan məhsulların istehsalına şərait yaratmaq, bu layihələrə xarici investorları cəlb etmək və s. tədbirlər görməkdir. Region ölkələrini təhlil etsək bu ölkələrin İKT məhsullarının istehsalı üzrə ölkəmizdən o qədər də fərqlənmədiyinin şahidi olarıq. Bizim start vəziyyətində olmağımız ölkəyə daha geniş imkanlar açır. Bu fikirlər Dünya İqtisadi Forumunun reytinqlərində də öz əksini tapmışdır.  Danılmaz faktdır ki, Azərbaycanda İKT sektoru hazırda həm iqtisadi, həm də ölkənin ümumi sosial-iqtisadi inkişafına xidmət edən sahə kimi dinamik inkişaf etməkdədir. Bu sahə hər 3 ildə 2 dəfə genişlənir və son 8-10 il ərzində sektor üzrə orta illik artım tempi 25-30 % təşkil edir. 2011-ci ildə artım 13% olmuş və sektorun həcmi təqribən 1,4 milyard manata çatıb. İKT sektoruna qoyulmuş  investisiyalar ölkə iqtisadiyyatına qoyulan investisiyaların  3.2% -ni təşkil edir. Bu 415.0 milyon manata bərabərdir. Dövlət sektoru üzrə investisiyanın məbləği  146.5 milyon manat təşkil edir. 2011-ci ildə İKT sektoru üzrə xarici investisiyaların məbləği 42.0 milyon manat olub.
 
Yüksək gəlirli bazarlara çıxmaq imkanını qazanmaq üçün dayanmadan səylə çalışmaq lazımdır

-Faktlardan da görürük ki, ölkəmizdə istehsal yönümlü texnoloji inkişafı təmin etmək üçün çox gözəl imkanlar var. Uğurlu nəticə əldə etmək üçün nələrə diqqət yetirmək lazımdır?

-
İKT sektoru üzrə inkişaf templərini daha da artırmaq, gəlirlərin səviyyəsini yüksəltmək, ölkənin valyuta imkanlarını çoxaltmaq və ölkənin yüksək texnologiyalara olan tələbatını ödəməklə yanaşı yüksək gəlirli bazarlara çıxmaq imkanını qazanmaq üçün dayanmadan səylə çalışmaq lazımdır. Ölkə rəhbərliyi  bugün düzgün yol seçərək, texnoparkların inkişafına ciddi önəm verir. Biz hesab edirik ki, Yüksək Texnologiyalar Parkı İKT sektorunun katalizatoru rolunda çıxış edəcəkdir və yaxın zamanda Qafqaz regionunun ən uğurlu təcrübəsi kimi beynəlxalq arenada yerini tutacaqdır.  Azərbaycanın dünya iqtisadiyyatına çox sürətlə inteqrasiya etdiyi bir zamanda, texnoparkların yaradılmasına ciddi önəm verilir. Texnoparkların yaradılması zamanı ölkə üzrə prioritet sahə elan edilən İnformasiya-kommunikasiya texnologiyaları sahəsi də diqqət mərkəzində saxlanılır. Artıq bir neçə müddətdir ki, Azərbaycan Respublikası Fərmanı ilə "Yüksək Texnologiyalar Parkı"  yaradılıb. 4 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən "2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"da qeyd olunan əsas məqamlardan biri də İnformasiya Cəmiyyətinin tələblərinə uyğun olaraq, biliklərə əsaslanan iqtisadiyyatın formalaşması və yaradılmasıdır. Milli strategiyada verilən tapşırıqlar içində elmi-texniki infrastrukturu modernləşdirmək, elmin, təhsilin və istehsalın inteqrasiyasını təmin etmək, bununla bərabər texnoparklar, biznes inkubatorlar şəbəkəsinin genişləndirilməsi məsələsi qarşıya qoyulub. Yüksək Texnologiyalar Parkının yaradılması da bu iqtisadi siyasətin bilavasitə ardıcıl davamıdır. 

Əsas məqsəd İKT sektoru üzrə elm və istehsal sahələri arasında bir körpü yaratmaqdır

-Bu tip parkların yaradılmasında  məqsəd nədir? 

-Yüksək Texnologiyalar Parkının əsas məqsədi İKT sektoru üzrə elm və istehsal sahələri arasında bir körpü yaratmaqdır. Həmçinin, Yüksək Texnologiyalar Parkı innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə İKT sektorunun rəqabətqabiliyyətliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, idxal olunan məhsulların yerli istehsal hesabına təmin olunması və ixracın təşfiq edilməsinə, xarici investisiyaların cəlb edilməsinə, menecment bazasının yaradılmasına və insan resurslarının inkişafına öz töhfəsini verəcək. 

Bir sıra ölkələrdə texnoparklar sayı ali təhsil ocaqlarının sayına çatır
 
- Yüksək Texnologiyalar Parklarının yaradılması üzrə dünya ölkələrinin müxtəlif  təcrübəsi mövcuddur. Bunlardan hansıları ən uğurlu hesab etmək olar?

- Dünyada texnologiyaların inkişafı üzrə ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Çin, Cənubi Koreya kimi ölkələr xüsusi yer tuturlar. Bu  ölkələr müasir dövrün səviyyəsinə çatmaq üçün tarixləri ərzində müxtəlif mərhələli inkişaf yollarından keçiblər. Bu inkişaf yolunda texnoparklar xüsusi rol oynayıb. Müasir dövrümüzdə inkişaf etmiş ölkələrin əksəriyyətində texnoparklar mövcuddur, hətta bir sıra ölkələrdə onların sayı ali təhsil ocaqlarının sayına çatır. Bu texnoparkların universitetlər və elmi institutlar qədər əhəmiyyətli olduğunu göstərir.

 Texnoparkların dünya üzrə təcrübəsini təhlil edərkən müxtəlif növ inkişaf yollarını görmək olar. Onlar arasında ən mükəmməl ABŞ təcrübəsi kimi qəbul olunan "Silikon Vadisi"ni, təhsil ocaqları ilə birgə fəaliyyət göstərən Türkiyənin "Arı Texno" kəndini, müstəqil elmi və biznes məkanı kimi formalaşmış Rusiyanın "Skolkova" mərkəzini, İKT sektoru üzrə xüsusi iqtisadi zona olan Dubay internet şəhərini nümunə kimi göstərmək olar.
 
Texnopark ərazisində kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti üçün bir sıra güzəştlər nəzərdə tutulubş

 
-Dəfələrlə qeyd olunur ki, texnoloji istehsal üçün vergi, gömrük və təşkilati güzəştlər olunmalıdır. Bu məsələ hansı səviyyədə öz həllini tapa bilər?

-
Sizin də qeyd etdiyiniz kimi, digər mühüm məqam, İKT sahəsində tətbiq olunan vergi-gömrük tarifləri ilə bağlıdır. Hazırda Azərbaycanda informasiya texnologiyalarının hazır məhsulları və onların komponentləri üçün tətbiq olunan  gömrük rüsumları daha çox idxalı təşviq edir. Hazırda şəxsi kompüter üçün gömrük rüsumu 3%, kompüterin komponentləri üçün isə 10-15%-ə bərabərdir ki, bu da ölkədə İT məhsullarının istehsalı üçün çətinliklər yaradır. Bunun nəticəsidir ki, ölkədə İKT məhsullarına olan tələbatın sürətli artımı əsasən idxal olunan məhsullar və xidmətlər hesabına təmin edilir. Kompüter və əlavə avadanlıqlar üçün Azərbaycanın gömrük rüsumları region ölkələri ilə müqayisədə yüksək olması ölkənin İKT sektorunun rəqabət qabiliyyətinin zəif olmasına şərait yaradan əsas amillərdən biridir. Bunla belə, texnopark ərazisində kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti üçün bir sıra güzəştlər nəzərdə tutulub. Burada fəaliyyət göstərən şirkətlər həm vergi, həm də gömrük sahəsi üzrə lazımi güzəştlər ilə təmin olunacaqlar. Yeni yaradılan şirkətlərə isə əlavə olaraq həm təşkilati, həm də texniki yardım göstəriləcək. Onlar təcrübəli hüquqşünaslar, maliyyəçilər, menecerlər və İT mütəxəssislər ilə sıx təmasda olacaqlar və dəyərli məsləhətlər, tövsiyələr əldə etmək imkanı qazanacaqlar. 

Gənc alimlər və mütəxəssislər innovativ, start-up layihələri ilə məşğul olmaq üçün lazımi dəstəyi alacaqlar
 
-Yeni yaradılan müəssisə yeni iş yerlərinin açılması anlamına da gəlir. Texnoparkların yaradılması  tələbə və gənc alimlər üçün yeni bir platforma ola bilərmi?

-
Əlbəttə, nəinki, yeni bir platforma, mən deyərdim ki, texnopark xaricdə təhsil almış gənclərimiz və alimlərimiz üçün aktiv fəaliyyət meydanına çevriləcəkdir. Burada gənc alimlər və mütəxəssislər innovativ və start-up layihələri ilə məşğul olmaq üçün lazımi dəstəyi alacaqlar. Onların uğurlu fəaliyyətləri nəticəsində xırda layihələrin uğurlu biznes təcrübəsinə qədər inkişaf etdirilməsi mümkün olacaq. 

-Məsələn sadə vətəndaş üçün maraqlıdır. Konkret olaraq, texnoparkda nə istehsal olunacaq?

-Texnoparkda fəaliyyət göstərən şirkətlər əsasən proqram təminatının hazırlanması, İT məhsulların istehsalı, Milli internet kontentdə yeni resursların yaradılması və mütərəqqi texnologiyaların inkişafı istiqaməti üzrə fəaliyyət göstərəcəklər. Həmçinin, texnoparkın müasir komplekslərində telekommunikasiya, kosmos və enerji səmərəliliyi sahələri üzrə tədqiqatlar aparılacaq və yüksək texnologiyaların hazırlanması həyata keçiriləcək.
Şirkətlər eyni məkanda öz korporativ əməkdaşlıqlarını qurmaq imkanını qazanacaqlar

-Belə başa düşmək olar ki, texnoloji parklar elmi tədqiqatların reallaşması, iri şirkətlərin korporativ əlaqələrinin genişləndirilməsi üçün də  xüsusi məkan olacaq.


-Bəli, texnoparkda elmi-tədqiqat və texnoloji-ttransfer mərkəzlərinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Çünki bu mərkəzlər vasitəsi ilə yüksək texnologiyaların, o cümlədən nanotexnologiyaların yaradılması mümkün olacaq. RİTN-də yüksək texnologiyalar sahəsi üzrə müsbət təcrübə formalaşıb. Belə ki, artıq 2008-ci ildən nazirliyin tabeliyində yüksək texnologiyalar mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə aparılan işlər nəticəsində bir sıra elmi və praktik nəticələr əldə olunub. Bundan başqa, texnopark ərazisinə iri şirkətlərin cəlb edilməsinə də xüsusi diqqət ayrılacaq. Burada fəaliyyət göstərəcək şirkətlər eyni məkanda öz korporativ əməkdaşlıqlarını qurmaq imkanını qazanacaqlar. Bu təcrübə iri biznes subyektlərinin gənc iş  adamları ilə birgə fəaliyyətinə imkan verəcək. Belə bir kompleks sistemin qurulması bütün tərəflər üçün səmərəli olacaq. Gənc sahibkarlar biznes təcrübəsi qazanacaqlar, iri şirkətlər isə yeni layihələrin komersiyalaşdırılması imkanına sahib olacaqlar.
 

Şirkətlərə qrantlar, kreditlər və investisiyalar ayrılacaq

-Bəs, texnoparkın maliyyə dəstəyi necə təmin olunacaq?

-Texnoparkın əsas maliyyə dəstəyi rolunda dövlət çıxış edir və burada əsas pay RİTN-in tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna aid olacaq. Bildiyiniz kimi, Dövlət Fondunun yaradılması  İKT sahəsində fəaliyyətin stimullaşdırılmasına, innovasiyaların tətbiqinə, habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə, istehsal yönümlü fəaliyyətin dəstəklənməsinə, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunmasına xidmət edir.

Güman edirik ki, Dövlət Fondu real mexanizm olaraq İKT sahəsinin güclənməsini təmin edəcəkdir. Məlumat üçün bildirim ki, Fondun 2013-cü ilin yanvarından fəaliyyətə başlayacağı gözlənilir. Fond texnopark ərazisində fəaliyyət göstərən şirkətlərə qrantlar, kreditlər və investisiyalar vasitəsilə dəstək olacaq.        

ZAMİRƏ İLQAR




01/12/12    Çap et