Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sənaye mülkiyyəti obyektlərinin mühafizəsi işləri vahid sistem vasitəsilə elektron şəkildə həyata keçiriləcək
Azərbaycanda əmtəə nişanları, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunələrinə şəhadətnamə və patent alınması üçün müraciətlərin qəbulu, ekspertizası və qeydiyyatı avtomatlaşdırılmış vahid sistem vasitəsilə elektron şəkildə həyata keçiriləcək.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) məlumat verilib.
Komitədən bildirilib ki, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində avtomatlaşdırma layihəsinin icrası hazırda uğurla davam etdirilir və bu sahədə dünyada qabaqcıl yer tutmuş Cənubi Koreya təcrübəsindən istifadə olunur: "Bu təcrübənin tətbiqi ilə əmtəə nişanları, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunələrinə şəhadətnamə və patent alınması üçün müraciətlərin qəbulu, ekspertizası və qeydiyyatı avtomatlaşdırılmış vahid sistem vasitəsilə elektron şəkildə həyata keçiriləcək. Həmçinin dövlət rüsumu və ekspertiza ödənişlərinin real vaxt rejimində onlayn qəbulu ilə bağlı sistem də bu yaxınlarda istifadəyə veriləcək".
Bundan başqa, elektron xidmətlərin genişləndirilməsi istiqamətində aparılan tədbirlərdən biri kimi, Azərbaycan üçün yeni olan "Elektron patent" məhkəməsi ilə bağlı bu sahədə qabaqcıl ölkə hesab olunan beynəlxalq təcrübəni, o cümlədən də Almaniyanın təcrübəsini öyrənmək məqsədəuyğun sayılıb: "Ölkəmizin "Elektron hökumət" quruculuğu prosesində bu sahədəki addımları da müsbət nəticə verəcək və bütün tərəflərə fayda verəcək".
HƏQİQƏT
03/12/12 Çap et