Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dubayda internet qaydaları müzakirə edilir
Xəbər verdiyimiz kimi, dekabrın 3-də Beynəlxalq Dünya Telekommunikasiya Konfransı öz işinə başlayır. Konfransda 193 ölkə iştirak edir. Nümayəndələr 1988-ci ildən qüvvədə olan beynəlxalq telekommunikasiyanın tənzimlənməsi haqqında sazişi müzakirə edəcəklər.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, qüvvədə olan sənəd həddindən artıq köhnəlib: 24 il bundan əvvəl internet tələbə və alimlər üçün hobbidən başqa bir şey deyildi. İndi isə İT sektoru yüksək artım sürətini saxlayan bəzi sahələrdən biridir.
Hazırda internetin tənzimlənməsi ilə ABŞ-da yerləşən bir neçə qeyri-hökumət təşkilatı məşğul olur. Onların sırasına “ICANN”, “IETF”, “W3C” və bir neçə təşkilat daxildir. Bir sıra inkişaf etmiş ölkələrin nümayəndələri Amerika hökumətinin bu təşkilatlara çox güclü təsir göstərdiyi fikrindədirlər. “WCITLeaks” saytında yerləşdirilmiş sənədlərə əsasən, Rusiya, Çin, Yaxın Şərq və Afrikanın bir neçə ölkəsi hesab edir ki, digər ölkələr şəbəkənin tənzimlənməsində aktiv şəkildə iştirak etməlidirlər.
"Saziş iştirakçıları milli internet seqmentinin tənzimlənməsi qaydalarını müəyyənləşdirməkdə və onlara riayət edilməsinə nəzarət etməkdə suveren hüquqa malikdirlər" – Rusiya nümayəndə heyətinin təklifində belə qeyd olunub. Qeyd edək ki, konfrans dekabrın 14-dək davam edəcək.
EMİL
03/12/12 Çap et