Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Telekommunikasiya üzrə Ümumdünya Konfransında təmsil olunur


Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə bu gün (3 dekabr) rəsmi açılış mərasimi ilə BƏƏ-nin Dubay şəhərində 263 üzv ölkədən 2000-nə yaxın nümayəndənin iştirak etdiyi Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransı (WCIT-12) öz işinə başlayıb.

İki həftə davam edəcək tədbirdə 1988-ci ilə Avstraliyanın Melburn şəhərində qəbul edilmiş Telekommunikasiya üzrə Beynəlxalq Reqlamentinə yenidən baxılacağı, əlavə və düzəlişlər olunacağı nəzərdə tutulur. Konfransın əsas məqsədi sürətli dinamika ilə inkişaf edən telekommunikasiya və informasiya texnologiyaları üzrə BTİ üzv dövlətlərinin, eləcə də özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları və akademiya üzvlərinin təkliflərini bir araya gətirərək Reqlamentin yeni mətnini formalaşdırmaqdır.

Konfrans zamanı genişzolaqlı xidmətlərin tətbiqi, bu sahəyə daha çox investisiyaların cəlb olunması, qlobal internet idarəçiliyinin modelinin müəyyən olunması, kibertəhlükəsizlik üzrə vahid istiqamətin formalaşması, rominq xidmətlərində şəffaflığın təmin olunması və bu kimi digər sahələr üzrə fikir mübadiləsi aparılacaq və reqlamentin yeni layihəsi qəbul olunacaqdır.

BMT-nin Baş katibi Ban ki-mun Konfransa video müraciəti iştirakçılara çatdırılmış, ICANN-in prezidenti tədbirdə çıxış etmişdir. Konfransda Nazir müavini İltimas Məmmədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Tədbirin ikinci həftəsində Nazir Əli Abbasovun da iştirakı nəzərdə tutulur.




03/12/12    Çap et