Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil Nömrə Daşınması prosesinə həsr olunmuş təlim təşkil olunub


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı İnternet Provayderi "Bakcell" jurnalistlər üçün Mobil Nömrə Daşınması (MND) prosesinə həsr olunmuş təlim təşkil edib. Təlimdə televiziya kanallarını, qəzetləri və xəbər agentliklərini təmsil edən 30-a yaxın jurnalist və bloqçu iştirak edib. Bu təlim, şirkətin telekommunikasiya sahəsindən yazan jurnalistlər və ümumiyyətlə, mobil rabitə abunəçiləri arasında MND ilə bağlı məlumatlılığın artırılması kampaniyasının komponentlərindən biri idi. "Bakcell" nümayəndələri MND və onun tarixçəsi, bu prosesin abunəçilər və mobil operatorlar üçün faydası, digər ölkələrin təcrübəsi, MND-nin tətəbiqindən sonra abunəçilərin Bakcell-ə qoşulmasını şərtləndirən amillər, MND-yə qoşulma prosedurları və s. haqda təqdimatlarla çıxış ediblər. "Azərbaycanda yaxın vaxtlarda tətbiqi gözlənilən MND ölkənin telekommunikasiya bazarı üçün çox vacib addımdır. Bizim müşahidələrimiz göstərir ki, həm media, həm də abunəçilər bu proseslə bağlı daha geniş məlumatlılığa ehtiyac duyur. Bu baxımdan, biz nömrə daşınması ilə bağlı ilk maarifləndirici tədbiri təşkil etməkdən çox məmnunuq və bu cür təşəbbüsləri davam etdirməyi planlaşdırırıq. Əvvəllər də qeyd etdiyimiz kimi, "Bakcell"in şəbəkəsi nömrə daşınması prosesinin tətbiqinə tam hazırdır. Biz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin MND-yə start verildiyini elan etməsini gözləyirik", deyə Bakcell-in Baş icraçi direktoru Riçard Şirer bildirib. Mobil Nömrə Daşınması, telefon nömrəni dəyişmədən mobil xidmətlər təchizatçısını dəyişmək imkanı deməkdir. Başqa sözlə, abunəçilər öz mobil nömrələrini dəyişmədən bir mobil operatordan digər mobil operatora keçmək imkanını əldə edəcəklər.




04/12/12    Çap et