Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yollardakı vəziyyəti tənzimləmək məqsədilə “Yaşıl dalğa” sistemi tətbiq edilir
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Bakıda tətbiq etdiyi yeniliklərdən biri "İşıqforların İdarə olunması Sistemi" ilə bağlıdır.
"ICTnews" elektron xəbər xidmətinə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, bu sistem nəqliyyat axınlarının optimal hərəkətinin təmin edilməsi məqsədilə yaradılıb və nəqliyyat axınının sıxlıqdan asılı olaraq işıqforların idarə edilməsini təmin edir.
Bundan başqa NİİM tərəfindən işıqforların siqnal intervalının müəyyənləşdirilməsi istiqamətində də yeniliklər tətbiq edilir. Əsas yenilik isə işıqforların intellektual rejimdə, yəni axından və sıxlıqdan asılı olaraq "Yaşıl dalğa" prinsipi ilə işləməsidir.
NİİM-dən "Yaşıl dalğa" prinsipinin tətbiqi ilə bağlı bildirilib ki, yollardakı vəziyyəti tənzimləmək məqsədilə intensivlikdən, pik və ya qeyri-pik saatı olmasından asılı olaraq işıqforların işıqlarının yanma intervallarında dəyişikliyi həyata keçirilir:
"Bu kimi dəyişikliklər Abbas Mirzə Şərifzadə küçəsi ilə Əhməd Talıblı küçəsinin, Azadlıq prospekti ilə Akademik Həsən Əliyev küçəsinin, Səməd Vurğun küçəsi ilə Nəsib bəy Yusifbəyli küçəsinin və digər küçələrin kəsişməsində həyata keçirilir. NİİM tərəfindən Rəşid Behbudov və Tbilisi prospektlərində, Abbasqulu ağa Bakıxanov, Üzeyir Hacıbəyov və digər prospekt və küçələrdə tətbiq edilmiş "Yaşıl dalğa" effekti sahəsində küçələrin başlanğıcında işıqforun yaşıl işığı ilə qarşılaşmış sürücü küçənin sonuna qədər yolayrıcılarını dayanmadan yaşıl işıqda keçə bilib. Lakin NİİM tərəfindən bu effekt əsasən fövqəladə və digər hallarda zəruri yolların operativ boşaldılması məqsədilə tətbiq edilir. Statistik göstəricilər və müşahidə kameralarından əldə edilən məlumatlar əsasında pik vaxtlarında hərəkətin intensivliyindən asılı olaraq küçə və prospektlərdə yerləşən işıqforlara müvafiq plan tətbiq etməklə nəqliyyat vasitələrinin hərəkəti tənzimlənir".
RƏVAN
04/12/12 Çap et