Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İtaliyanın “Akhela” şirkəti İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlığa maraq göstərir


AMEA İnformasiya Texnologiyaları İnstitutunda İtaliyanın “Akhela” şirkətinin nümayəndələri Pyerkario Rauasiyo, Sandro Teti və Qianluka Karta ilə görüş keçirilib. Görüşdə institutla tanışlıq və müvafiq sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. İnstitutdan bildirilib ki, təmsil etdikləri şirkət haqqında məlumat verən qonaqlar “Akhela”nın innovativ təşkilat olduğunu və 12 ildir ki, İKT bazarında fəaliyyət göstərdiyini bildiriblər.

Qeyd olunub ki, bu gün şirkət beynəlxalq aləmdə İT xidmətlər sahəsində uğurla inkişaf edərək İtaliya bazarının inkişafında da əhəmiyyətli rol oynayır. “Akhela” “bulud” hesablamaları, mobil sistemlər, əşyaların interneti, İT sistemlərin təhlükəsizliyi və optimallaşdırılması sahələrində ən müasir texnologiya və metodologiyaları sınaqdan keçirir.

Sonra AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev institutun yaranma tarixi, fəaliyyət istiqamətləri, innovativ şəraiti, maddi-texniki bazası və burada görülən işlərlə bağlı ətraflı məlumat verib. İnstitutun Avropa elmi mühitinə inteqrasiya etdiyini, müxtəlif xarici elmi-tədqiqat institutları ilə əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayıb.

Qonaqlar institutun Tədris-İnnovasiya, Multimedia və Distant Tədris mərkəzləri, “AzScienceNet” monitorinq və təhlükəsizlik xidməti, burada görülən işlər, həyata keçirilən layihələr, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar və digər informasiya texnologiyaları ilə yaxından tanış olublar.

Görüşdə həmçinin “Akhela” ilə İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq perspektivləri, İKT üzrə birgə layihələrin həyata keçirilməsi və müvafiq istiqamətlərdə kadr mübadiləsi məsələləri müzakirə olunub.

HƏQİQƏT




04/12/12    Çap et