Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
DQMK-nın internet saytının ilkin variantı BMT İP-nin dəstəyi ilə hazırlanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov BMT-nin Azərbaycan Respublikasında yeni təyin edilmiş rezident əlaqələndiricisi cənab Antonius Broeklə görüşüb.
Görüş zamanı DQMK-nın fəaliyyəti barədə qonağa ətraflı məlumat verilib və bu fəaliyyətin tam şəffaf olduğu vurğulanıb. “ICTnews” elektron xəbər xidmətinə DQMK-dan verilən məlumata görə, komissiyanın inkişafında BMT-nin İnkişaf Proqramının (UNDP) böyük rol oynadığını vurğulayan Bəhram Xəlilov komissiyanın BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində dövlət qulluğuna qəbul, dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı tədbirlərin həyata keçirilməsini, Azərbaycanda ilk dəfə gender məsələləri ilə bağlı vəsaitin hazırlanmasını, komissiyanın internet saytında “Gender bərabərliyinin əsasları” mövzusunda olnayn təlim kursunun yaradılmasını qeyd edib.
Həmçinin, komissiyanın internet saytının ilkin variantının BMT İP-nin dəstəyi ilə hazırlandığı da vurğulanıb. Cənab Broek öz növbəsində təmsil etdiyi təşkilatla DQMK arasında mövcud olan uğurlu əməkdaşlığa görə komissiya sədrinə minnətdarlığını bildirib və dövlətin inkişafı üçün güclü dövlət qulluğu sisteminin mövcudluğunun zəruri olduğunu qeyd edib. Sonda tərəflər gələcəkdə ikitərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.
CAHANGİR
05/12/12 Çap et