Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əmlak münasibətlərinin idarə edilməsində ən yeni texnologiyalar tətbiq olunmalıdır
Yaxın 2 il ərzində paytaxtda daşınmaz əmlak obyektlərinin, şəhər təsərrüfatının idarə edilməsinə, əmlak üzərində hüquqların qeydiyyatına və digər məqsədlərə xidmət edəcək müfəssəl məlumat bazası yaradılacaq.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, hazırda əmlak münasibətlərinin idarə edilməsinə dair bütün məsələlər elmin son nailiyyətlərinə söykənməli, idarəetmədə ən yeni texnologiyalar tətbiq olunmalıdır:
“Daşınmaz əmlak obyektinin elmi əsaslarla idarə olunması isə onun sistemli, hərtərəfli şəkildə tədqiqini tələb edir. Bu tədqiqin məzmun və mahiyyəti ölkədə mövcud olan bütün daşınmaz əmlak obyektləri barədə elektron məlumat bazasını özündə ehtiva edən daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibindən və aparılmasından ibarətdir”.
Qabaqcıl dünya ölkələrinin daşınmaz əmlakın kadastrı sahəsindəki təcrübələrinin təhlili göstərir ki, məlumatların toplanması, emalı və saxlanması sahələrindəki təkrarçılığı aradan qaldırmaqla əmək və maliyyə xərclərində qənaətə nail olmaq mümkündür. Artıq Avropa ölkələrinin əksəriyyətində ayrı-ayrı sahəvi kadastrların daşınmaz əmlakın dövlət kadastrında, vahid informasiya məkanında cəmləşdirilməsi prosesi yekunlaşıb. Azərbaycanda da komitə tərəfindən artıq müasir dünya təcrübələrinə əsaslanan yeni kadastr sistemi formalaşdırılır”.
Belə ki, ölkədə daşınmaz əmlakın kadastrı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün normativ-hüquqi baza yaradılır, özəl kadastr mərzçəkənlər institutu formalaşdırılır, beynəlxalq əməkdaşlıq çərçivəsində kadastr sahəsində qabaqcıl dünya təcrübəsi öyrənilir, müxtəlif beynəlxalq layihələr həyata keçirilir, ölkəmizin kadastr sisteminə ən müasir texnika və texnologiyalar gətirilir. Ümumiyyətlə, qabaqcıl dünya ölkələrinin təcrübələrinə istinad etməklə ölkə üzrə daşınmaz əmlakın vahid dövlət kadastr məlumat bazasının yaradılması işinin tamamlanması nəzərdə tutulur. Bundan başqa, komitənin inkişaf hədəflərinə daşınmaz əmlakın kadastrının elektron məhsullarının hazırlanması, daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması, elektron xidmətlərin göstərilməsi daxildir.
Eyni zamanda daşınmaz əmlakın kadastrı və əmlak üzərində hüquqların qeydiyyatı sahələrində vahid elektron informasiya sisteminin yaradılması da respublikada daşınmaz əmlakın kadastrı fəaliyyəti sahəsində müəyyənləşən əsas istiqamətlərdəndir.
HƏQİQƏT
05/12/12 Çap et