Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fiziki qüsurlu şəxslərlə bağlı sayt yaradılıb
Bu gün "İRƏLİ" Gənclik Mərkəzində "İRƏLİ" İctimai Birliyi və Dünyaya Baxış ("World Vision") Beynəlxalq Humanitar Təşkilatının birgə təşkilatçılığı ilə "Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər" layihəsi çərçivəsində hazırlanan sosial yönümlü videoçarx və eyni zamanda www.supportcoalition.az (Əlilliyi olan şəxslərin inkişafına dəstək koaliasiyası) saytının təqdimatı keçirilib.
"ICTnews" elektron xəbər xidmətinin "İRƏLİ" İctimai Birliyinə istinadən verdiyi məlumata görə, təqdimatda "İRƏLİ" İB-nin sədri Rauf Mərdiyev, "World Vision" Beynəlxalq Humanitar Təşkilatının Azərbaycan üzrə rəhbəri Giorgi Devidze, Proqram meneceri Daryl Crowden, layihə rəhbəri Vüqar Əhmədov və fəal gənclər iştirak ediblər.
İlk olaraq "İRƏLİ" sədri Rauf Mərdiyev qonaqları salamlayıb və layihənin ərsəyə gəlməsində təşkilatçılara təşəkkürünü bildirib. R.Mərdiyev layihənin önəmliliyini qeyd edib və bu səpkidə sosial roliklərin hazırlanaraq ictimaiyyətə təqdim edilməsinin, ictimai maarifləndirmənin vacibliyini vurğulayıb. Vüqar Əhmədov çıxış edərək "İRƏLİ"nin hər zaman bu tip layihələrə dəstək olduğunu və birgə əməkdaşlığın davamlı olacağına qeyd edib.
Fiziki qüsurlu insanları daim diqqətdə saxlanılmasını, onların cəmiyyətə inteqrasiya olunması üçün dəstək göstərilməsinin lazım olduğunu bildirib. Daryl Crowden öz çıxışında qeyd edib ki, mövzu olduqca əhəmiyyətlidir və hər zaman gündəmdə saxlamaq lazımdır.
Qeyd edək ki, hazırlanan sayt fiziki qüsurlu insanlarla işləyən 10 təşkilatın birgə fəaliyyəti ilə ərsəyə gəlib. Yaxın zamanda saytın ingilis dili versiyası da hazırlanaraq ictimaiyyətə təqdim olunacaq.
CAHANGİR
05/12/12 Çap et