Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"McAfee” antivirusunun yaradıcısını Qvatemalada həbs ediblər


Polis “McAfee” antivirus proqram təminatının yaradıcısı Con Makafinin yerini təyin edib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, proqramçı hazırda Qvatemaladadır. “ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, Beliz polisi amerikalı milyonçunu qonşusu Qreqori Follun qətlində şübhəli qismində axtarırdı.

Makafi təkidlə bildirir ki, həmyerlisinin və qonşusunun öldürülməsində onun əli yoxdur. Milyonçu ona qarşı irəli sürülmüş bütün ittihamların Beliz hakimiyyəti tərəfindən təşkil edildiyini vurğulayıb, çünki o, yerli siyasətçilərə rüşvət verməkdən imtina edib.

Bir müddət əvvəl KİV-də yayılmış informasiyaya əsasən, 67 yaşlı amerikalı milyonçunun Beliz və Meksika sərhədində həbs edildiyi bildirilmişdi. Lakin proqramçı bloqunda yazmışdı ki, həbs edilmiş şəxs onun oxşarıdır. Antivirus yaradıcısı fürsətdən istifadə edərək Qvatemalaya gedib. Onun vəkilinin sözlərinə görə, Con Makafi Qvatemala hakimiyyətindən ona siyasi sığınacaq verilməsini xahiş etmək fikrindədir.

Qeyd edək ki, Con Makafi ticari antivirusu yaratmış birinci şəxsdir. O, 1989-cu ildə “McAfee Associated” şirkətinin əsasını qoyub. 1994-cü ildə isə şirkəti tərk edib. 2010-cu ilin avqustunda “İntel” korporasiyası 7,6 milyard dollara “McAfee”-ni satın alıb. Proqramçı 2008-ci ildən etibarən Belizdə yaşayır.

EMİL




06/12/12    Çap et