Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Robot Sakit okeanda 9000 mildən çox məsafə qət edib


Avtonom robot San-Fransisko sahillərindən Avstraliyaya qədər 9000 dəniz mili və ya 16668 kilometr məsafə qət etməklə səyahətini başa vurub. Robotu hazırlamış "Liquid Robotics" şirkətinin verdiyi məlumata əsasən, aparat üzmə prosesində Sakit okeanın temperaturu, suyun duzluluğu və bütövlükdə ekosistem haqqında məlumat toplayıb.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkətdən verilmiş məlumata əsasən, yaradılmış robotda tətbiq edilmiş texnologiyalar gələcəkdə daha mürəkkəb elmi dəniz layihələrində istifadə edilə bilər. Robot dənizdə 365 gündən çox fəaliyyət göstərib. Onun vəzifələrindən biri dəniz suyunda fitoplanktonun mövcudluğu haqqında məlumat toplamaq olub.

Qeyd edək ki, fitoplankton karbon qazını oksigenə çevirməyə qadirdir və okeanda mühüm qida elementidir. Əvvəllər fitoplanktonları, həmçinin peyk vasitəsilə izləyiblər.

Robot hər 10 dəqiqədən bir suyun duzluluğunu, temperaturunu, havanı, həmçinin suda həll olmuş oksigenin miqdarını yoxlayan datçiklə təchiz olunub. Toplanılmış məlumatlar robotun bortuna quraşdırılmış kompüterə qeyd olunacaq və dövri olaraq "Liquid Robotics" şirkətinə ötürüləcək.

EMİL




06/12/12    Çap et