Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Lütfi Zadənin irsinə həsr olunmuş «Soft Computing» II Ümumdünya elmi konfransı başa çatıb
Dünən görkəmli alim Lütfi Zadənin irsinə həsr olunmuş «Soft Computing» II Ümumdünya elmi konfransının bağlanış toplantısı keçirilib. «Kempinski» otelində baş tutan tədbirdə dünyanın 20 ölkəsindən 100-ə yaxın alim iştirak edib.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafına (İKT) böyük önəm verir. Ölkədə İKT-nin prioritet sahə elan edildiyini vurğulayan nazir müavini sözügedən sektorun daha da inkişaf etdirilməsi üçün bir sıra böyük layihələrin həyata keçirildiyini bildirib.
Artıq bu istiqamətdə müəyyən nəticələrin əldə edildiyini vurğulayan E.Vəlizadə Azərbaycanın elmi araşdırmalara da xüsusi diqqət və qayğı göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb: «Elmi əsaslara söykənməyən addımlar sonradan lazımi nəticələr verə bilməz. Bu gün bütün dünya qarşılaşdığı problemlərin həllində elmin mühüm rol oynadığını qəbul edir və elmi araşdırmaları sürətləndirmək istiqamətində addımlar atır».
Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin dünya elminə mühüm töhfə verdiyini deyən E.Vəlizadə bu istiqamətdə araşdırma aparan alimlərin Bakıya toplaşmasından məmnunluğunu ifadə edib.
Çıxış edən konfrans iştirakçıları konfransın yüksək səviyyədə keçirildiyini vurğulayaraq tədbirin Azərbaycan elminin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduqlarını qeyd ediblər.
SEYMUR
06/12/12 Çap et