Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq Telekommunikasiya İttifaqı “internet-dinləmə” standartını təsdiqləyib


Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransında (BTÜK) "Deep Packet Inspection" (DPI) texnologiyasının tətbiqi üzrə standart təsdiq edilib. Bu texnologiya tətbiq edildiyi halda, istifadəçilərin əksəriyyətinin məxfiliyi təhlükə altında ola bilər.

Qeyd edək ki, BTÜK dekabrın 3-də Dubayda öz işinə başlayıb. Konfrans dekabrın 14-dək davam edəcək. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) sammitin təşkilatçısı rolunda çıxış edir. O, 1947-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatının (BMT) tərkibinə daxildir.

Hökumətlərarası görüşlərin əsas mövzusunu internetin dövlət tənzimlənməsi təşkil edir. Bir sıra ölkələr (Rusiya, Çin, İran və sairə) BTİ-yə internetin tənzimlənməsi üçün geniş səlahiyyətlər verilməsini təklif edir, lakin ABŞ və bəzi böyük İT şirkətləri bu təkliflə razı deyillər.

Onlar hesab edirlər ki, bu addım açıq internetin məhvinə aparıb çıxaracaq. Y.2770 ilə bağlı sənəd Çinin təşəbbüsü ilə BTİ-nin müzakirəsinə daxil edilib. Almaniya bu tövsiyənin qəbuluna qarşı çıxış edərək xəbərdarlıq edib ki, "DPI" senzuranın genişləndirilməsi üçün istifadə edilə və informasiyanın azad mübadiləsində maneəyə çevrilə bilər. Y.2700-in müzakirəsi bağlı qapılar arxasında keçirilib, çünki yalnız BTİ üzvləri sənəddən istifadə hüququna malikdir.

Bu standartın bir çox detalları məxfi saxlanılır. Lakin bir sıra ölkələr rabitə operatorlarının "DPI" texnologiyasından istifadəçilərin yazışmasını, bank əməliyyatlarını və ya səs zənglərini izləməkdən ötrü tətbiq edəcəyi ilə bağlı öz narahatçılıqlarını ifadə ediblər.

EMİL




06/12/12    Çap et