Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnterneti deaktiv edə biləcək ölkələr


Ötən həftə Suriyada hökumət bütün ölkə ərazisində interneti söndürmüşdü. Xatırladaq ki, 2011-ci ildə internetə çıxış imkanı Misirdə və Liviyada müvafiq olaraq Mübarək və Qəddafi hökumətləri tərəfindən söndürülmüşdü. "Ümumdünya Hörümçək Toru"nun infrastrukturunun araşdırılması üzrə ixtisaslaşmış "Renesys" şirkətinin dərc etdiyi hesabatda internetin söndürülməsi ehtimalı yüksək olan ölkələrin siyahısı qeyd edilib.

Şirkətdə çalışan ekspertlərin sözlərinə görə, internetin tam söndürülməsi ehtimalı provayderlərin sayından birbaşa asılıdır. Onların sayı nə qədər çox olarsa, ölkəni internetdən ayırmaq bir o qədər çətindir. Analitiklər 4 risk qrupu ayırıblar.

Birinci qrupa ərazisində bir və ya iki provayder fəaliyyət göstərən ölkələr daxildir. Bu halda, internetin söndürülməsi asan məsələdir. Belə qrupa 61 ölkə (əsasən Afrikanın kasıb ölkələri) daxil edilib. Suriya da bu qrupa daxildir. Ərazisində 10-dan az provayder yerləşən ölkələr ikinci qrupa daxildir. Üçüncü qrupa internetin söndürülməsi nəzəri cəhətdən mümkün olan ölkələr (Portuqaliya, Yeni Zelandiya, Meksika) daxildir.

Çin, Rusiya və qərb ölkələri dördüncü qrupa daxil edilib. Belə ki, "Renesys" ekspertlərinin fikrincə, dördüncü qrupa daxil olan ölkələrdə internetin söndürülməsi praktik olaraq mümkün deyil.

EMİL




07/12/12    Çap et