Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

YouTube veb-saytında Leyla Əliyevanın rəsmi səhifəsi yaradılıb


Bütün dünyada populyar olan YouTube veb-saytında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, "Baku" beynəlxalq jurnalının baş redaktoru, İDEA ekoloji kampaniyasının təsisçisi Leyla Əliyevanın rəsmi səhifəsi (http://www.youtube.com/user/LeylaAliyevachannel) yaradılıb.

"ICTnews" elektron xəbər xidmətinin Leyla Əliyevanın rəsmi saytına (www.leyla-aliyeva.az) istinadən verdiyi məlumata görə, orijinal kontentdə L.Əliyevanın 2007-ci ildən başçılıq etdiyi ictimai təşkilatlar və hərəkatlar çərçivəsində onun çoxşaxəli fəaliyyətini işıqlandıran 100-dən çox videoçarx, həmçinin iştirak etdiyi müxtəlif konfranslardan, xeyriyyə tədbirlərindən və görüşlərdən videosüjetlər yerləşdirilib.

Qeyd etmək lazımdır ki, Leyla Əliyevanın səhifəsində onun öz şeirləri ilə müşayiət olunan animasiyalı videoçarxlar da yerləşdirilib. Səhifə L.Əliyevanın Azərbaycan, ingilis və rus dillərində ən təzə videoçarxları ilə yenilənəcək.

Xatırladaq ki, 2005-ci ilin fevral ayında yaradılan YouTube veb-saytı milyonlarla istifadəçinin əvvəllər hazırlanmış videoçarxları tapmasına, onlara baxmağa və bölüşməyə imkan verir. Orijinal kontent yaradanlar və reklam verən şirkətlər üçün yayım platforması kimi xidmət edən YouTube veb-saytı bütün dünyada şəbəkə istifadəçilərinin ünsiyyət saxlamaq, məlumatlanmaq və ilham mənbəyi rolu oynayan bir forumdur. 

CAHANGİR




10/12/12    Çap et