Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hotmail” istifadəçiləri “Outlook.com”-a dəvət ediləcək


"Microsoft" korporasiyası "Hotmail" istifadəçilərinə "Outlook.com" poçtuna keçməyi təklif edəcək. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, şirkət növbəti həftələr ərzində "Hotmail" istifadəçilərinə dəvət göndərəcək, həmçinin poçtda "Outlook.com"-un reklamını əks etdirəcək.

2013-cü ildə istifadəçilərin yeni elektron poçta cəlb edilməsi kampaniyası daha irimiqyaslı şəkildə həyata keçiriləcək, "Outlook.com"-da məhsulun idarə edilməsi üzrə direktor Devid Lou bildirib. Hazırda yeni poçta keçid hələ ki könüllülük prinsipi əsasında aparılır.

Lakin Lou vurğulayıb ki, "Microsoft"un məqsədi bütün "Hotmail" istifadəçilərini "Outlook.com"-a keçirməkdir. Məlumat üçün bildirək ki, "Outlook.com" poçtu cari il iyulun 31-də istifadəyə verilib. Onun dizaynı "Windows 8" stilində hazırlanıb, məktubun daxilində fotolara, videoya və sənədlərə baxmaq imkanı, məktubların qovluqlar üzrə avtomatik çeşidlənməsi, həmçinin "Skype" internet-telefoniya və "SkyDrive" "bulud" anbarı ilə inteqrasiya mövcuddur.

"ComScore" analitik şirkətinin məlumatına görə, 2012-ci ilin oktyabrında "Hotmail" populyarlığa görə ikinci poçt xidməti elan edilib. Onun istifadəçilərinin sayı 286,2 milyona bərabərdir. "Hotmail" poçtu 1996-cı ildə istifadəyə verilib. "Microsoft" şirkəti 1 ildən sonra bu xidməti satın alıb.

EMİL




10/12/12    Çap et