Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Artıq “Tibbi müayinə kartı”nı onlyan sifariş etmək mümkündür
“Tibbi müayinə kartı”nın onlayn sifarişi” elektron xidməti artıq istifadədir. Bu xidmət vasitəsilə gigiyena- epidemiologiya mərkəzlərinə (GEM) getmədən Tibbi müayinə kartı sifariş vermək olar. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, “Tibbi müayinə kartı” (TMKS) Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən məlumatları özündə saxlayan elektron informasiya sistemidir. Müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və ya sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşların ( obliqat qruplar ) vaxtlı-vaxtında müayinədən keçmələrinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları, Maliyyə və Ədliyyə nazirlikləri ilə razılaşdırılmış təklifinə əsasən, Nazirlər Kabinetinin 12 iyun 2006-cı il tarixli 142 saylı qərarı ilə “Tibbi müayinə kartı” sisteminin tətbiqi Qaydaları” təsdiq edilib.
Bununla əlaqədar Səhiyyə Nazirliyi tərəfindən “Tibbi müayinə kartı” sisteminin tətbiqinə başlanıb. Həyata keçirilən sistemin məqsədi müayinə prosesinin nəticələri üzrə vahid mərkəzləşdirilmiş və lokal məlumat bazalarının yaradılması və bununla da prosesdə iştirak edən qurumlar arasında məlumat mübadiləsinin səmərəliliyinin artırılması, gigiyena-epidemiologiya mərkəzləri və poliklinikalar tərəfindən prosesə nəzarətin gücləndirilməsidir.
Kartların üzərində və çiplərində vətəndaşa aid şəxsi məlumatlarla yanaşı, onun ilkin və dövri tibbi müayinədən keçməsi barədə məlumatlar yerləşdirilir. Kartlarda yer alan müayinələr barədə məlumatlar müayinələrin keçirildiyi tibb müəssisələrində kompüterlərə qoşulmuş kart oxuyucu qurğular vasitəsilə oxuna və dəyişdirilə bilər.
Bundan əlavə, bu karta sahib olan şəxs kartındakı məlumatları nazirliyin saytında qeydiyyatdan keçməklə hər zaman əldə edə bilərlər.
HƏQİQƏT
10/12/12 Çap et