Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2000-ci ildə Xəzərdə baş vermiş güclü zəlzələ müasir üsul və yanaşmalarla qiymətləndiriləcək
AMEA-nın Geologiya İnstitutu və İtaliyanın Bikokka Milan Universiteti Azərbaycanda palçıq vulkanları ilə zəlzələlərin əlaqələrini öyrənir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Geologiya İnstitutunun Mətbuat xidmətindən məlumat verilib.
İnstitutdan bildirilib ki, bu niyyətlə institutun Geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi, dosent Qulam Babayev oktyabrın 12-də İtaliyaya səfər edib və iki ay müddətində müştərək tədqiqatlar aparılıb.
Dekabrın 12-də başa çatacaq işlər “Abşeron yarımadasında palçıq vulkanizmi və seysmikliyin əlaqəsinin qiymətləndirilməsi məqsədilə yeni üsulların işlənilməsi” mövzusu altında Kariplo Fondunun dəstəyi ilə həyata keçirilir. Məqsəd Abşerondakı palçıq vulkanlarının dinamik və statik gərginliyinə səbəb olan şəraitin 2000-ci il noyabrın 25-də Xəzər dənizində baş vermiş güclü zəlzələdən qabaq və sonrakı inkişafını müasir üsul və yanaşmalarla öyrənmək, sonra isə qiymətləndirməkdir.
Artıq Q.Babayev və adıçəkilən universitetin Yer və ətraf mühit elmləri şöbəsinin professoru Alessandro Tibaldi birlikdə müəyyən nəticələr əldə ediblər.
HƏQİQƏT
11/12/12 Çap et