Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İntel”in konfransında Azərbaycandakı İKT-nin təhsildə tətbiqi modeli nümunə kimi təqdim olunub
Azərbaycanın təhsildə İKT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətləri 5-ci "Beynəlxalq İntel® Korporasiyası Konfransı"nda təqdim edilib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə "Mədəd Azərbaycan" təşkilatından məlumat verilib.
Təşkilatdan bildirilib ki, MDB ölkələrindən olan 100-dən artıq təhsil sahəsi üzrə mütəxəssis mövcud təhsil problemlərinə ümumi baxış keçirmək, bu işdə "İntel®" və tərəfdaş təşkilatların təqdim etdiyi təhsil həllərinin necə faydalı olacağını müzakirə etmək məqsədilə ötən ay Moskvada bir araya gəliblər.
"İntel® korporasiyası", "PH International Inc.", "Microsoft" korporasiyası və "Polymedia" şirkətinin təşkilatçılığı ilə keçirilən bu tədbir hər il təhsil mütəxəssisləri və yüksəkvəzifəli rəsmi nümayəndələrin iştirakı ilə baş tutur. "Mədəd Azərbaycan" təşkilatını konfransda təşkilatın icraçı direktoru, "İntel®" Təhsil layihələri üzrə məsul şəxs və təşkilatın baş təlimçilərindən ibarət nümayəndə heyəti təmsil edib. Konfrans internet vasitəsilə onlayn yayımlanıb.
Konfrans iştirakçıları qabaqcıl təhsil yanaşmaları və standartları, məktəblərin yenilənməsi və müəllimlərin yeni rolu, mobil təhsil və sosial media, məlumatın idarəolunması, bacarıq əsaslı yanaşma və formativ qiymətləndirmə, formal və informal təhsil, müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi və s. mövzularla bağlı müzakirələr aparıblar.
Tədris və müzakirə sessiyalarından ibarət olan konfrans iştirakçılara İKT-ni təhsilə tətbiq edən "1 şagird – 1 kompüter", "Intel® Education Galaxy", "Microsoft Partners in Learning", "GoogleSite" kimi onlayn platformalar və XXI əsr təhsil mühitinə uyğun reallaşdırılan digər yeni layihələr haqqında da məlumatlanmağa imkan yaradıb: "Konfrans zamanı Azərbaycandakı İKT-nin təhsildə tətbiqi modeli nümunə olaraq təqdim olunub və respublikamızda müəllim və şagirdlərin inkişafında ən müasir texnologiyaların tətbiqi və uğurlu nəticələrin öyrənilməsinə xüsusi bir sessiya həsr edilib.
"Mədəd Azərbaycan" təşkilatının icraçı direktoru Vüsal Xanlarov və "Mədəd Azərbaycan" təşkilatının baş təlimçisi Bəyaz Novruzova "Azərbaycan Elektron Təhsil Mühitinin Formalaşması" başlıqlı sessiya təqdim ediblər. Konfrans iştirakçıları Azərbaycanda İKT-nin təhsilə tətbiqi üzrə Dövlət Proqramının əsas komponentləri və ölkənin XXI əsr təhsil standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər haqqında məlumatlandırılıblar".
Konfransın sonunda "Mədəd Azərbaycan" təşkilatının "İntel® korporasiyası" ilə əməkdaşlıq çərçivəsində uğurla həyata keçirdiyi təhsil layihələrinə qiymət verilib və təşkilat xüsusi mükafata layiq görülüb. Növbəti konfransın 2013-cü ilin sonu Moskvada keçirilməsi planlaşdırılır.
HƏQİQƏT
12/12/12 Çap et