Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkəmiz “İqtisadiyyatın innovativ inkişafında əqli mülkiyyətin rolu və əhəmiyyəti” konfransında təmsil olunub
AMEA Elmi İnnovasiyalar Mərkəzinin (EİM) baş direktoru, iqtisad elmləri doktoru, professor Fərman Qasımov Kiyev şəhərində keçirilən iki beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə EİM-dən məlumat verilib.
Mərkəzdən bildirilib ki, “İqtisadiyyatın innovativ inkişafında əqli mülkiyyətin rolu və əhəmiyyəti” mövzusunda keçirilmiş IV Beynəlxalq Elmi-Praktiki Konfransın plenar iclası iqtisad elmləri doktoru, professor Fərman Qasımovun sədrliyi ilə başlayıb. Beynəlxalq konfransda 50-dən yuxarı məruzə dinlənilib. Bu konfransda iqtisad elmləri doktoru, professor Fərman Qasımovun “Azərbaycanın elmi sferasında beynəlxalq əməkdaşlıq” movzusunda maraqlı məruzə ilə çıxış edib.
Kiyev şəhərində keçirilmiş beynəlxalq səviyyəli ikinci tədbir “İnformasiya cəmiyyətinin inkişafının problemləri” mövzusunda III Beynəlxalq forumdur. III Beynəlxalq forum Rusiya Elektron Kitabxanası Assosiasiyasının, “İnformasiya-Konsorsium” Assosiasiyasının, Ukrayna Elmi-Tədqiqat İqtisadi İnformasiya İnstitutunun, Ukrayna Kitabxanaları Assosiasiyasının, Ukrayna Milli Texniki Universitetinin Q.İ.Denisenko adına Elmi-Texniki kitabxananın, Ukrayna Tibb Milli Elmi Kitabxanasının, İvan Fyodrov adına Ukrayna Kitab Palatasının sponsorluğu və təşkilatçılığı ilə keçirilib. III Beynəlxalq forumda Ukraynanın Xarkov, Lvov, Donetsk, Dnepropetrovsk, Poltova, Çernobıl şəhərlərindən gəlmiş mütəxəssislərlə yanaşı, Azərbaycandan, Böyük Britaniyadan, Rusiyadan, Niderlanddan, Sinqapurdan, Belarusdan, Moldovadan, Litvadan dəvət edilmiş alimlər də iştirak ediblər.
Fərman Qasımov III Beynəlxalq forumda “Azərbaycanda elmi innovasiyanın fəaliyyəti” adlı məruzə ilə çıxış edib. İqtisadçı alimin məruzəsi forum iştirakçıları tərəfindən maraqla qarşılanıb və məruzəçi forum iştirakçılarının suallarını cavablandırıb.
HƏQİQƏT
12/12/12 Çap et