Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələri qışa hazırdı


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin dekabrın 13-ü axşamdan ölkə ərazisində havanın kəskin soyuyacağı xəbəri ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələri adekvat addımlar atıb.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev bu məqsədlə birlik tərəfindən tabe müəssisələrə xəbərdarlıq olunduğunu dedi. Onun sözlərinə görə, onlar tərəfindən payız və qış mövsümünə hazırlıqla əlaqədar öncədən tədbirlər görüldüyündən paytaxt rabitəçiləri ən sərt hava şəraitində fasiləsiz rabitə xidməti göstərməyə hazırdırlar.

"Ən sərt şaxtalarda kabel-kanalizasiya quyuları tam donur. Buna görə də orada hər hansı iş görülməsi çətinlik yaradır. Əvvəlki illərdə də belə problemlər yaşanıb. Ancaq operativ tədbirlər nəticəsində ən çətin işlərin öhdəsindən məharətlə gəldiyimizdən şaxtalı-ayazlı iş günləri bizi qorxutmur. Rabitəçilər ən sərt qışa hazırdır"- deyə o bildirdi.

Qışın şaxtalı, qarlı günlərində paytaxtdan fərqli olaraq regionlarda çətinliklər çox olur. Xüsusən də dağlıq və dağətəyi bölgələrdə bu, özünü daha kəskin şəkildə büruzə verir. Relyefin əlverişsiz olması hava şəraitinin qarlı, şaxtalı olması region rabitəçiləri üçün bir çox çətinliklər yaradır.

"Aztelekom" İB-nin baş direktorunun birinci müavini, texniki direktor Zahir Vəliyev bildirib ki, onlar qəza briqada dəstələrini tam hazır vəziyyətə gətiriblər. "Bu qəza dəstələri istənilən hava şəraitində rabitənin dayanıqlığını təmin etməyə qadirdir. Ancaq etiraf edək ki, kəskin hava şəraiti ilə əlaqədar olaraq hava rabitə xətlərində bəzi problemlər olur ki, bunun da qarşısını tez bir zamanda alırıq." Baş direktorun birinci müavini bildirib ki, belə hava şəraitində ən çox dağlıq ərazilərdə problem yaşandığından əvvəlki illərin təcrübəsindən bəhrələnərək indidən müvafiq tədbirlər həyata keçirilib.

Qeyd edək ki, proqnozlara görə, dekabrın 14-dən 18-dək temperaturun 8-10 dərəcə aşağı enəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında dekabrın 13-də günün ikinci yarısında buludluluğun tədricən artacağı, axşama doğru yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

RƏVAN




13/12/12    Çap et