Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq ictimaiyyət internetin tənzimlənməsi məsələsi ilə bağlı razılığa gələ bilmədi


BMT-nin təşkilatçılığı ilə keçirilən "WCIT" Telekommunikasiya Konfransı ötən gün internetin tənzimlənməsi məsələləri üzrə razılıq əldə olunmadan başa çatıb. Konfransın əsas məqsədi sürətli dinamika ilə inkişaf edən telekommunikasiya və informasiya texnologiyaları üzrə BTİ-yə üzv dövlətlərin, eləcə də özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları və akademiya üzvlərinin təkliflərini bir araya gətirərək reqlamentin yeni mətnini formalaşdırmaq idi.

Qeyd edək ki, reqlamentə sonuncu dəfə 1988-ci ildə baxılmış və o vaxtdan etibarən sənəd redaktə edilməmiş və aktuallığını itirmişdi. Reqlament haqqında məsələ sırf texniki xarakter daşıyırdı: şəbəkələrin bir-birinə necə qoşulduğu və bir və ya digər tərəfin səlahiyyətlərinin harada başlanması təsvir edilirdi. Lakin Rusiyanın nümayəndə heyəti bu kontekstə internetin tənzimlənməsi məsələlərini də əlavə etməyi təklif edib.

Rusiyanın irəli sürdüyü təkliflərin əsas mahiyyəti ondan ibarət idi ki, hər bir ölkə öz internet seqmentini müstəqil idarə etmək səlahiyyətinə malik olmalıdır. Hazırda hər bir ölkə fiziki səviyyədə öz infrastrukturunu onsuz da müstəqil idarə edir, lakin irəli sürülmüş təkliflərdə həm də məntiqi səviyyə nəzərdə tutulub.

Bununla yanaşı, internetin tənzimlənməsi səlahiyyətlərinin "ICAAN"-dan alınaraq Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) verilməsi təklif olunmuşdu. Təbii ki, belə mövqe ABŞ, həmçinin onun yaxın geosiyasi müttəfiqləri olan Böyük Britaniya və Kanadanı razı salmayıb. Digər tərəfdən, Rusiya nümayəndə heyətinin irəli sürdüyü təklifləri digər ölkələr, məsələn, Çin, Səudiyyə Ərəbistanı, Misir dəstəkləyib.

Qeyd etmək lazımdır ki, internetin tənzimlənməsi ilə bağlı danışıqlar bağlı qapılar arxasında aparılıb. Bu isə həm bir sıra ictimai təşkilatların mənfi reaksiyasına səbəb olmuş, həm də "WCIT" konfransı ətrafında çoxlu şayiələrin yaranması ilə nəticələnmişdir.

Qeyd edək ki, bir çox digər tədbirlərdən fərqli olaraq bu tədbirin formatı sazişin bütün iştirakçılar tərəfindən məcburi surətdə imzalanmasını nəzərdə tutmur. Konfransın sonuncu günü sənədi imzalamaqdan imtina etmiş ABŞ, Böyük Britaniya və Kanada məhz bu imkandan istifadə ediblər.

Üç tərəfin birgə yaydığı bəyanata əsasən, onlar qlobal şəbəkənin idarə edilməsi prosesində bərabərhüquqlu iştiraka dair çağırışları rədd edirlər. Beynəlxalq Telekommunikasiya İttifaqı bəyanat verməkdən imtina etmiş, konfrans ərəfəsində bu qurumun direktoru Hamadun Ture "WCIT"-in yekunları üzrə kompromisin əldə ediləcəyi ilə bağlı əminliyini ifadə etmişdi.

"ABŞ nümayəndə heyəti ürək ağrısı və əldən verilmiş imkanlar hissi ilə evə qayıdır. Biz yekun saziş imzalanmadığına görə təəssüf hissi keçiririk" – konfransda Amerika nümayəndə heyətinin başçısı Terri Kramer bildirib. Danimarka, Çexiya, İsveç, Hollandiya, Yeni Zelandiya, Kosta-Rika və Keniya dövlətləri də yeni təkliflərlə olan sənədi imzalamaqdan imtina ediblər.

Həmin dövlətlərin nümayəndələri bildiriblər ki, onlar sənədi imzalamayıblar, çünki bu barədə öz ölkələrinin hökuməti ilə məsləhətləşməlidirlər.

BTİ bildirib ki, əgər internetin tənzimlənməsi haqqında sazişin imzalanması alınmırsa, o zaman ən azından veb-məkanın ümumi əlçatanlığının artırılması, həmçinin spam və internet cinayətlə mübarizə üçün nəzərdə tutulmuş müqavilə imzalamaq lazımdır.

Emil Hüseynov




14/12/12    Çap et