Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Burhan Türkşen: «İkinci Ümumdünya elmi konfransının Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır»


Bu günlərdə Azərbaycan paytaxtında Lütfi Zadənin irsinə həsr olunmuş «Soft Computing» II Ümumdünya elmi konfransı keçirildi. Konfransda iştirak etmək üçün ölkəmizə təşrif buyuran Kanadanın Toronto Universitetinin professoru, Toronto Elmi Araşdırmalar Mərkəzinin direktoru və Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) İqtisad və Texnologiyalar Universitetinin müəllimi İsmayıl Burhan Türkşen «Rabitə dünyası» qəzetinə eksklüziv müsahibə verib. Professor əvvəlcə adıçəkilən konfrans haqqında danışaraq bildirib ki, Lütfi Zadə bəşəriyyətə, onun elminə böyük töhfələr verdiyindən bu tədbirin də əhəmiyyəti olduqca mühümdür və bütün dünyanın elmi cəmiyyətləri tərəfindən diqqətlə izlənilir. İkinci Ümumdünya elmi konfransının da Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır və bu, Azərbaycanın elmə, qeyri-səlis məntiq nəzəriyyəsinə və ümumilikdə Lütfi Zadə elmi irsinə nə qədər böyük diqqət yetirməsinin bariz göstəricisidir. Bu sıradan olan tədbirlərin Azərbaycan və eləcə də dünya elminə böyük töhfələr verdiyini vurğulayan Burhan Türkşen deyib ki, Lütfi Zadənin nəzəriyyələrindən istifadə etməklə ölkələr öz iqtisadiyyatlarını daha da inkişaf etdirə bilər, yeni-yeni nailiyyətlər əldə edə və bununla da böyük məbləğlərdə gəlirlər əldə edə bilərlər:

- Öncə bildirim ki, mən Türkiyə və Kanada vətəndaşıyam. Bu konfrans Lütfi Zadənin nəzəriyyəsini araşdıran və müxtəlif mövzularda onunla bağlı məqalələr yazan alimlərin toplaşdığı tədbir idi. Bura dünyanın hər ölkəsindən 5 alim toplaşdı. Yaponiya, Avstraliya, Avropa ölkələrindən, Amerikadan bu mövzu ilə, yəni qeyri-səlis məntiq nəzəriyyəsi ilə maraqlanan bütün araşdırmaçıların təmsilçiləri burda idilər, bizimlə bərabər öz fikirlərini bildirdilər, elmi araşdırmalarını ortaya qoydular. Biz burada həm Lütfi Zadənin nəzəriyyəsinin müxtəlif tərəflərini müzakirə etdik. Bilik mübadiləsi çərçivəsində yeni ixtira və araşdırmaları bir-birimizlə bölüşdük. Beləliklə Lütfi Zadənin yolu ilə irəliləyərək, bu yolda araşdırmalar aparır milli və beynəlxalq səviyyədə əhəmiyyətli sayılacaq elmi fəaliyyətlə məşğuluq.

- Kanada da qeyri-səlis məntiq nəzəriyyəsi istiqamətində hansı nailiyyətlər əldə olunub?

- Bilirsiniz, Kanada da qeyri-səlis məntiq nəzəriyyəsi ilə əlaqədar bir sıra mühüm işlər görülüb və bu işlər davam etdirilir. Bu ölkədə artıq müəyyən nəticələr var və bunun bəhrəsini də görməkdədirlər. Hazırda Kanada universitetlərində bütün dünya üçün faydalı bir sıra araşdırmalar aparılır. Qeyri-səlis məntiq nəzəriyyəsinin öyrənilməsinə xüsusi əhəmiyyət verilir.

- Bəs Türkiyədə bu sahədə hansı işlər görülür?  

- Mən kanadalı bir türkəm. Lakin 6 il bundan əvvəl Türkiyəyə qayıtdım. Hazırda Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) İqtisad və Texnologiyalar Universitetinin müəllimiyəm. Burada bir bölüm yaratdım. Türkiyəyə qayıtdıqdan dərhal sonra qeyri-səlis məntiq (Fuzzy) nəzəriyyəsi ilə maraqlanan gənc dostlarla bir araya gələrək Türkiyədə «Fuzzy sistems» dərnəyini qurduq. Hazırda bu dərnəyin onlarla üzvü var. Bu dərnəkdə həyata keçirdiyimiz araşdırmalar və çalışmalarla bərabər hər iki ildən bir Türkiyədə qeyri-səlis məntiq nəzəriyyəsi ilə bağlı konfrans keçiririk. Qeyd edim ki, bu günə qədər həmin konfranslardan ikisini Ankarada keçirmişik. Qarşıdakı günlərdə həmin konfransın üçüncüsünü İstanbulda düzənləyəcəyik. Bu konfransları zaman-zaman müxtəlif məkanlarda reallaşdırırıq. Bir məsələni də xüsusi olaraq əlavə etmək istəyirəm ki, hazırda türk elm adamlarının təxminən 500-600 nəfəri bu nəzəriyyə ilə, yəni qeyri-səlis məntiq nəzəriyyəsi ilə bağlı araşdırmalar aparır və bununla əlaqədar məlumatlar yayır, elmi məqalələr nəşr elətdirir. Eyni zamanda bu istiqamətdə müəyyən təqdirolunan nəticələr əldə etməkdədirlər.

- Siz 5 il bundan əvvəl Bakıda olmusunuz. Sizcə, bu illər ərzində şəhərimizdə nə dəyişib?

- Bakıda çoxlu dəyişikliklərin olduğunu gördüm. Mən 5 il bundan əvvəl gəldiyim və gördüyüm Bakı ilə bugünkü Bakı arasında böyük fərqlər duydum. O zamandan bu yana şəhər çox dəyişib. Hazırda çoxlu yeni və modern binalar, yeni parklar, yol kənarlarındakı çiçəklər, təmizlik insanın ürəyini oxşayır. Bu baxımdan Bakı sürətlə inkişaf edən dünya şəhərlərindən birinə çevrilib. Düşünürəm ki, bu gedişlə daha da inkişaf edəcək. Bilirsiniz, biz bu gün dostlarla elmi konfransa gəldik. Vaxtımızın əksəriyyətini də elmi müzakirələrə sərf etdik, bununla belə zaman tapıb şəhərin müəyyən gəzməli, görməli yerlərini ziyarət etdik. Lakin konfransa qatılan hər bir kəs Bakıya bir turist kimi gəlməyin və şəhəri gəzməyin vacib olduğunu bildirdilər və yaxın zamanlarda Bakıya bir daha dönəcəklərini qeyd etdilər. Qeyd edim ki, azərilər də bir türk insanı olaraq göstərdikləri istiqanlılığa, mehribanlığa və qonaqpərvərliyə görə konfransa gələn hər bir şəxsi olduqca duyğulandırmış və hər kəs Azərbaycana yenidən dönməyi, buranın insanları ilə bir daha ünsiyyətdə olmağı, alış-veriş etməyi arzuladığını söyləmişdir. Mən özüm də tez-tez Bakıya gəlmək istərəm. 

Seymur Qasımbəyli




15/12/12    Çap et