Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cəlil CƏFƏROV: “Rabitə” voleybol klubunun yeni heyətlə gözəl gələcəyi var”


Qətər... Paytaxtı Dohadır... Ərəb yarımadasının şərqində Fars körfəzinə uzanan ölkədir. Şimal-qərbində Bəhreyn, qərb və cənubunda Səudiyyə Ərəbistanı və şərqində Birləşmiş Ərəb Əmirlikləri yer alır. Tək sərhəd qonşusu Səudiyyə Ərəbistanı olub, digər tərəfləri Fars körfəzi ilə çevrilidir. 1.7 milyon əhalisi olan Qətər, artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adambaşına düşən gəlir nisbətlərinə görə dünyanın ən zəngin ölkəsidir.

Qətərlə niyə başladıq?

Bu ölkəni belə təqdim etməkdə məqsədimiz var. Çünki 2 il əvvələ kimi Qətəri Azərbaycanda tanıyanlar kifayət qədər deyildisə, indi onların sayı 50-60 faiz artıb söyləsək, yanılmarıq. Bu isə son illərin dəyişməz ölkə çempionu olan "Rabitə" voleybol klubunun uğurlarının sayəsindədir. 2011-ci ildə Azərbaycan tarixində ilkə imza atmaqla Dohada klublararası dünya çempionatına qatılan Bakı təmsilçisi Mundialın qalibi kimi Vətənə döndü. Təbii ki, bu, Beynəlxalq Voleybol Federasiyasının (FİVB) da diqqətindən yayınmadı.

Qurum növbəti dəfə - 2012-ci ildə də komandamızın mövsümdəki uğurlu çıxışını, voleybolun inkişafı üçün apardığı düzgün siyasəti və klubda qələbə ruhunu əsas götürərək, "Rabitə"yə etimad göstərdi. Rəsmən Dohaya oynaması üçün "wild card" verdi. 

Yarımfinala gedən yol

Azərbaycan təmsilçisi isə özünü Mundialda növbəti dəfə sübut edərək, FİVB-in etimadını doğrultdu. Belə ki, bu dəfə dünya çempionatı oktyabrın 13-19-da baş tutdu.

 Rəqiblərimizə gəlincə, "Rabitə" qrup mərhələsində "Bohay Bank" (Çin) və "Sollis Nestle" (Braziliya) ilə qarşılaşdı. Dünya çempionatında Çin təmsilçisi ilk dəfə iştirak etdiyi halda, digər klub analoji yarışda kifayət qədər təcrübəyə malik idi. Ardıcıl üçüncü dəfə turnirə qatılan "Sollis Nestle" 2010-cu ildə gümüş, 1 il sonra bürünc medal qazanmışdı.

Ötən il də "Rabitə" ilə eyni qrupda olan braziliyalılar təmsilçimizə 2:3 (12:25, 25:23, 18:25, 25:23, 6:15) hesabı ilə uduzmuşdular. Bu dəfə oktyabrın 15-də ilk matçını Cənubi Amerika çempionuna qarşı keçirən "Rabitə" ikinci qələbəsini qazana bilmədi. Düzdür, komandamız qarşılaşmaya inamlı başlamışdı. Lakin ilk seti aktivinə yazan voleybolçularımız sonradan çətinliklə üzləşdilər və rəqib 3:1 hesabı ilə qalib gəldi. Bu isə səbəbsiz deyildi.

 "Rabitə" yeni heyət formalaşdıraraq, həmin voleybolçularla ilk sınaq üçün Dohaya gəldiyi halda, rəqib oturuşmuş heyətə malik idi. Bu, azmış kimi, "Sollis Nestle"nin heyətini London Olimpiadasının son qalibləri olan braziliyalılar təşkil edirdilər. Lakin məğlubiyyət son demək deyildi. Çünki təmsilçimiz hələ yarımfinal şansını saxlayırdı. Onlar bunun üçün "Sollis Nestle"yə uduzan "Bohay Bank"a qalib gəlməli idilər. Bunu yaxşı başa düşən və klub rəhbərliyinin əziyyətini düzgün qiymətləndirən voleybolçularımız lazımi nəticəni qazanmaqda çətinlik çəkmədi – 3:1.

Onlar Asiya çempionlarına hələ zəif olduqlarını sübut etməklə, hər komandanın "Rabitə" kimi debütdəcə çempion olmaq iddiasının mümkünsüzlüyünü də ortaya qoydular.

Qrup mərhələsi

15 oktyabr A qrupu "Rabitə" (Azərbaycan) - "Sollis Nestle" (Braziliya) - 1:3 (25:22, 20:25, 19:25, 20:25)

16 oktyabr "Rabitə" (Azərbaycan) - "Bohay Bank" (Çin) - 3:1 (25:20, 25:22, 18:25, 21:20)



1 Sollis Nestle 2 2 0 6-1 6
2 Rabitə 2 1 1 4-3 3
3 Bohay Bank 2 0 2 0-6 0



Bir qələbə ilə 2 yubiley

Bu qələbə komandada yubileyləri bir-birinə qatdı. Asiyalılarla duel paytaxt təmsilçisinin beynəlxalq klub turnirlərində keçirdiyi yubiley – 50-ci görüşü kimi tarixə düşdü. 2007-ci ildə Avropa səhnəsinə çıxan "Rabitə" CEV kubokunda debüt etməklə, ilk dəfə rəsmi matçda xarici klubla üz-üzə gəlmişdi.

O vaxtdan müxtəlif səviyyəli turnirlərdə 49 belə qarşılaşma keçirən bakılılar yubiley oyununda yubiley - 30-cu qələbəsini də qazandılar.  

Finala qisasla  

Yarımfinalda komandamızın rəqibi digər qrupun birincisi "Fənərbaxça" oldu. Çempionlar Liqasının son qalibi olan Türkiyə təmsilçisi Afrikanın ən güclüsü "Kenya Prisons"u (Keniya) və Şimali Amerika və Karib Dənizi Hövzəsi ölkələrinin (NORCECA) çempionu "Lançeras de Katano"nu (Puerto-Rika) 3:0 hesabı ilə məğlub etdiyindən görüşün çətin keçəcəyi proqnozlaşdırılırdı. Bunun üçün onların klub rəsmiləri və azarkeşləri də Dohaya gəlmişdilər. Lakin matç voleybolçularımız üçün xüsusi əhəmiyyət daşıyırdı.

Son mövsümdə Çempionlar Liqasının 1/4 finalında Türkiyə təmsilçisinə uduzan komandamız bu dəfə qisasını almalı idi ki, onu da asanlıqla bacarıb. Rəqibə heç bir şans verməyən "Rabitə" finala darmadağınla yüksəlib. Digər yarımfinal oyununda isə Braziliya "Sollis Nestle"si Puerto-Rika "Lançeras de Katano"u ilə üz-üzə gəlib. Oyun gözlənildiyi kimi birincilərin asan qələbəsi ilə başa çatıb.

18 oktyabr Yarımfinal mərhələsi

"Fənərbaxça" - "Rabitə" - 0:3 (18:25, 20:25, 16:25) 

"Sollis Nestle" - "Lançeras de Katano" - 3:0 (25:15, 25:13, 25:15)


Dünya çempionatında rekord 

Finala yüksələn "Rabitə" bununla da dünya çempionatında yeni rekord müəyyənləşdirdi.

Mundialın son qalibi 2-ci dəfə həlledici matçın iştirakçısı kimi tarixə düşdü. İndiyə kimi baş tutan çempionatlarda hələ heç bir komandaya belə nailiyyət nəsib olmamışdı. "Rabitə" bunu bacarmaqla həm ilkə imza atdı, həm də adını Mundial tarixinə qızıl hərflərlə yazdırdı.

Artıq çoxlarının "Dream Team" (Arzuların komandası) kimi qəbul etdiyi Bakı təmsilçisi bütün dünyaya gücünü sübut etməklə yarışda öz gücünü bir daha ortaya qoydu.

 Dünya çempionatında ikinci medal    

Həlledici oyunda Olimpiya çempionları "Sollis Nestle" ilə qarşılaşmaya qisas arzusu ilə çıxan "Rabitə" yenə məğlubiyyətdən qaça bilməyib. Rəqibin gücü, uzun müddət bir yerdə oynaması üçüncü cəhdində çempionluğunu rəsmiləşdirib. Komandamız gümüş medalla kifayətlənib. Bu isə belə möhtəşəm yarışda böyük uğurdur.

Çünki hələ Azərbaycan klublarının qatılmadığı və xəyalla baxdıqları klublararası dünya çempionatında ardıcıl ikinci final oynamaq komandada düzgün siyasət aparılmasından və xoş gələcəkdən xəbər verir. Bundan əlavə, fəxri kürsünün ikinci pilləsində yer alan "Rabitə"nin voleybolçularından Angelina Qrün isə çempionatın simvolik yığmasında yer aldı. Almaniyalı legionerimiz yarışın topu oyuna ən yaxşı daxil edən voleybolçusu seçildi.

19 oktyabr Üçüncü yer uğrunda

 "Lançeras de Katano" (Puerto-Rika) - "Fənərbaxça" (Türkiyə) - 0:3 (16:25, 17:25, 17:25) 

Final "Sollis Nestle" (Braziliya) - "Rabitə" (Azərbaycan) - 3:0 (25:16; 25:14; 25:17) 


FİVB-in vitse-prezidentləri "Rabitə" haqda Yarışdan sonra "Rabitə"nin dünya çempionatında çıxışına münasibət bildirən FİVB-in vitse-prezidenti Aleksandr Borişiç Bakı təmsilçisinin Qətərdə gümüş medal qazanmasını yaxşı nəticə sayıb. 

Eyni zamanda, Serbiya Voleybol Federasiyasının prezidenti olan Borişiçin sözlərinə görə, dünya çempionatında 2 dəfə finala çıxmaqla adından söz etdirən "Rabitə" yeni heyəti ilə tezliklə uğurları sıralayacaq: "Dünya çempionatı mövsümün əvvəlində keçirilir. Bu, bir çox komanda üçün problem ola bilər. 

Çünki klublar mübarizəyə yeni oyunçularla başlayır. "Rabitə"nin olduqca güclü və səviyyəli voleybolçuları var. Amma hazırda onların daha çox vaxta ehtiyacları var ki, komanda şəklində oynaya bilsinlər. Növbəti uğurların qazanılması üçün bir az gözləməyin lazım olduğunu düşünürəm. Bundan sonra onlar mütləq gözəl nəticə göstərəcəklər". 

FİVB-in digər vitse-prezidenti Teofanis Tsiokris isə "Rabitə"nin ikinci yeri tutmasını böyük uğur adlandırıb və Mundialın finalında 2 dəfə oynamaqla tarixə düşən Bakı klubunun növbəti il yenidən çempion olacağına inandığını deyib: "Rabitə" gənc komandadı. Ötən il dünya çempionu oldu, bu dəfə Mundialda ikinci yeri tutdu. Bu isə o demək deyil ki, komanda hər il qalib gəlməlidir. Əminliklə deyirəm, fikrimcə, növbəti il çempion adını yenə "Rabitə" qazanacaq. Çünki bu komandanın Cəlil Cəfərov kimi prezidenti var və o, ancaq qalibiyyət haqda düşünür". 

Klub prezidentinin gümüş medala münasibəti 2 dəfə finalda oynamaqla Mundialda tarix yazan komandanın prezidenti Cəlil Cəfərov nəticədən narazı qalsa da, Olimpiya çempionlarına qarşı çıxış etmələrinin də nəzərə alınmalı olduğunu diqqətə çatdırıb. O bildirib ki, komanda uğurlu gələcək vəd edir: 

"Bu dəfə dünya çempionu ola bilmədik. Ancaq belə mötəbər yarışda gümüş medal qazanmaq da böyük bir nəticədi. Mundialı analiz etdikdə, mütəxəssislər də bunu təkrarən söylədilər ki, hələ dünya çempionatı tarixində heç bir komanda 2 dəfə finala çıxmayıb. Bunu ilk dəfə "Rabitə" edə bildi. Düzdür, nəticədən narazıyıq. Buna baxmayaraq, nəzərə almalıyıq ki, finalda Braziliya millisinin əsasını təşkil edən kluba qarşı oynadıq. Onlar London Olimpiadasında da birgə oynadıqlarından və çempion olduqlarından təbii ki, "Rabitə" üçün çətin idi. Çünki biz ötən illə müqayisədə bir çox oyunçularımızı dəyişmişik. Yeni tərkibdə komanda yaratmışıq. Klubumuzun bu heyətlə gözəl gələcəyi var. Mən buna inanıram. Lakin çox gərgin işləmək lazımdır. Bunun üçün bugünkü gündə Braziliya millisinə qarşı oynamaq həqiqətən çətin idi".




15/12/12    Çap et