Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mobile Monday” platformasında 2013-cü il üçün planlar müzakirə olunacaq


Xəzər İnvestisiya Mərkəzi (CIC) Azərbaycanın birinci mobil operatoru "Bakcell" ilə birlikdə "Mobile Monday" (MoMo) layihəsi çərçivəsində Bakıda dekabrın 17-də növbəti tədbir keçirəcək. Tədbirin mövzusu "Yeni il – yeni planlar"a həsr olunacaq.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Xəzər İnvestisiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, yığıncaqda "MoMo"-nun 2013-cü il üçün planları müzakirə olunacaq. Layihə meneceri Aysel Hüseynova "Yeni il – yeni planlar" mövzusunda təqdimat keçirəcək.

Layihə qrupu növbəti ilə Fəaliyyət Planının hazırlanmasına başlayıb: "İlkin mərhələdə təşkilatçılar Azərbaycanda ən populyar mobil tətbiqlərin müəyyən edilməsi məqsədilə maraqlı dairələr arasında sorğunun keçirilməsini planlaşdırır.

Eyni zamanda, bizim pilot formada müxtəlif istiqamətlər üzrə mobil tətbiqlərin tərtibatı, o cümlədən, xəbər, işgüzar və əyləncəli tətbiqlər üçün komanda formalaşdırmaq niyyətimiz var". Bundan başqa, 2013-cü il ərzində "MoMo" Azərbaycanda mobil aplikasiyaların populyarlaşdırılması məqsədilə cəmiyyətin məlumatlandırılması kampaniyasını keçirəcək.

Tədbirin davamında, Amin Quliyev və Şaiq Muradov "Kinotap.az" layihəsinin təqdimatını keçirəcəklər. Paralel olaraq, tədbirdə "Webtec" şirkətinin təmsilçiləri Ruslan Zeynalov və İqor Slavutiç tərəfindən qurumun təqdimatı planlaşdırılır. Təqdimatçılar şirkət "Webtec" şirkəti və biznes qurularkən partnyorluq/komanda işi haqqında danışacaqlar.

Bundan başqa, şirkətin təmsilçiləri tədbir iştirakçılarını gözəllik salonlarında, spa mərkəzlərində xidmətlərin onlayn sifarişi və digər məsələlər haqqında məlumatlandırılacaqlar. "Mobile Monday" təşkilatçıları layihədə iştirak etməkdə maraqlı olan şirkətləri tədbirlərə dəvət etməyi planlaşdırır. Beləliklə, tərtibatçılar öz ideyalarını reallaşdırmaq və biznesini təsis etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, "Mobile Monday" 2000-ci ildə Finlandiyanın Helsinki şəhərində fəaliyyətə başlayıb. Hal-hazırda "MoMo" müxtəlif ölkələrin mobil sənaye bazarında rəhbərlər, istehsalçılar və mobil sənayenin nüfuzlu şəxsləri üçün fərqli əməkdaşlıq və biznes imkanları verən açıq platformadır. 2011-ci ildə Bakı 123-cü "MobileMonday" şəhəri olub. "MoMo"-nun Azərbaycanda rəsmi partnyoru ölkənin birinci mobil operatoru "Bakcell" ilə Xəzər İnvestisiya Mərkəzidir.

Layihə həmçinin Dünya Bankının "InfoDev" layihəsi tərəfindən dəstəklənir. "MoMo"-nun əsas məqsədləri lokal və dünya bazarından texnoloji innovasiyaların təqdim edilməsi vasitəsi ilə ölkənin mobil sektorunda innovasiyaların sürətləndirilməsi, yeni layihələrin və aplikasiyaların tətbiqidir. "Mobile Monday Baku" haqqında əlavə məlumat "www.mobilemonday.az" və "www.momo.az" resurslarında yerləşdirilib.

HƏQİQƏT




17/12/12    Çap et