Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərmarka” Naxçıvan haqqında markalar təqdim edib


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti Naxçıvan Muxtar Respublikasına həsr edilmiş marka seriyası buraxıb. 60 qəpiklik nominal dəyərli markaların birində Naxçıvanda Heydər Əliyev sarayı təsvir edilib. Bu markanın tirajı 100 min ədəddir.
10 nüsxəlik vərəqədə birləşdirilmiş digər iki marka görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şaxtaxtinskinin 130 illik yubileyinə və 1921-ci ildə imzalanmış Qars müqaviləsinin 90 illiyinə həsr edilib. Poçt vərəqi 5 minlik tirajla buraxılıb. Behbud ağa Şaxtaxtinskinin ermənilərin Azərbaycana, o cümlədən Naxçıvana qarşı əsassız ərazi iddialarını aradan qaldırmasında xüsusi xidmətləri olub. O, 1918-21-ci illərdə Rusiya hökumətinə ünvanladığı məktublarında Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyi ilə əlaqədar narahatlığını ifadə edib və 1921-ci ildə Moskvada və Qarsda Rusiya və Türkiyə arasında aparılan danışıqlarda Azərbaycanın səlahiyyətli nümayəndəsi kimi çıxış edib.




26/07/11    Çap et