Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkəti “Lumia 505” smartfonunu təqdim edib


"Nokia" şirkəti "Lumia" seriyasından ucuz "Windows" smartfon təqdim edib. Şirkətin saytında verilmiş məlumata əsasən, 505 nömrəli model Meksikanın "Telcel" mobil operatoru üçün nəzərdə tutulub. Cihazın əsas üstünlükləri 800x400 təsvir ölçülü keyfiyyətli 3,7 düymlü "AMOLED" ekran və 8 meqapikselli kameradır.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "Lumia 505" smartfonunda videozənglər üçün nəzərdə tutulmuş ön kamera mövcud deyil. Akkumulyatorun tutumu 1300 milliamper/saat, əməli yaddaşın həcmi 256 meqabayt, çəkisi 131 qram təşkil edir. Smartfon danışıq rejimində 7,2 saat, gözləmə rejimində isə 600 saat işləyir.

Cihaz qırmızı, çəhrayı və ya qara rəngli korpuslarda əlçatandır. "Lumia 505" smartfonunun 2 əsas çatışmazlığı var. Birincisi, smartfona cəmisi 4 qiqabayt fləş-yaddaş quraşdırılıb. İkincisi isə qurğuya "Windows Phone 7.8" platforması quraşdırılacaq. Yenilik yaxın həftələrdə satışa çıxarılacaq. Qiyməti haqqında məlumat yoxdur.

EMİL




17/12/12    Çap et