Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Qələbə” meydanında tikilən yol qovşağında kompüter sistemi tətbiq edilir


"Qələbə" meydanında tikilən böyük yol qovşağında ən müasir texnologiyalardan istifadə edilir. Bu barədə "ICTnews"-a Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib. Onun sözlərinə görə, tunelin daxili işıqlanma sistemi yarımkeçirici diodlar əsasında ( LED) işləyən ən müasir işıqlandırma sistemidir.

Bu sistemdə işıqlanma kompüter vasitəsilə idarə olunur. İşıqlandırıcılar çeviricilər vasitəsi ilə 12 volta çevrilmiş gərginliklə işlədiyi üçün enerjiyə 3 dəfə qənaət etməklə yanaşı, həm də təhlükəsizlik və uzunömürlülük baxımından çox effektiv bir sistem sayılır. Tunelin tavanında quraşdırılan projektorlar bir neçə rejimdə - gündüz , gecə və qəza rejimlərində çalışır.

Tuneldə fasiləsiz enerji təminatı məqsədi ilə 90 kv gücündə generatordan və düzləndiricidən istifadə olunub. Tıxac zamanı tuneldə avtomobillərdən xaric olan zəhərli qazların miqdarı normadan artıq olarsa, avtomatik ventilyasiya sistemi işə düşür və qısa bir zamanda tullantı qazlar tuneldən xaric edilir.

Tuneldə istifadə edilən elektrik kabelləri alışmayan və yüksək temperaturlarda yanmayan izolə materiallardan hazırlanıb. N.Həsənov daha sonra bildirdi ki, tuneldə istifadə olunan bütün işıqlandırıcı avadanlıqlar İngiltərə, kabel və idarəedici avadanlıqlar isə Almaniya və ABŞ istehsalıdır. Layihə ərazidə 6 tunelin, 8 piyada keçidinin inşasını və əlaqədar yolların genişləndirilməsini nəzərdə tutur.

Layihəyə əsasən "Gənclik" metro stansiyasında əlavə iki yeni çıxışın inşası planlaşdırılıb. İlk olaraq "Gənclik" metro stansiyasının Atatürk prospektinə çıxan girişinin "Qələbə meydanı"nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib və istifadəyə verilib.

Bundan başqa, Atatürk prospektində, Həsən Əliyev prospekti istiqamətində daha 8 yeraltı piyada keçidinin tikintisi də layihədə nəzərdə tutulub. Layihədə Atatürk və Vaqif prospektlərinin birləşdirilməsi, həmçinin Atatürk prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektinin birləşdirilməsi nəzərdə tutulub. Əlavə olaraq, Təbriz küçəsindən qalxan avtomobillərin "Gənclik" dairəsinə girmədən birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxması, həmçinin, F.X.Xoyski prospektinə qısa döngələrlə istiqamətlənmə təmin olunacaq.

RƏVAN




17/12/12    Çap et