Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda müvəqqəti məskunlaşma müddətini elektron qaydada necə uzatmaq olar?


Dövlət Miqrasiya Xidməti (DMX) təklif etdiyi elektron xidmətlərin siyahısında olan «Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması» qaydalarını açıqlayıb. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, DMX bildirir ki, ölkədə müvəqqəti olma müddətinin uzadılması ilə bağlı tələb olunan sənədlər hazırlanmalı və qurumun rəsmi internet səhifəsində (http://migration.gov.az/) yerləşdirilməlidir.

Qeyd edək ki, bir sıra hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublika ərazisində müvəqqəti məskunlaşma müddəti uzadıla bilər. Bura əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində təcili müalicə olunmasına zərurət yaranması, onların ölkədə yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etməsi, xidməti zərurətlə əlaqədar Azərbaycana gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verməsi daxildir.

DMX bildirir ki, müvəqqəti olma müddətinin uzadılması üçün bu barədə ərizə-anket (1 ədəd əlavə olunur) doldurulur və əcnəbinin ölkə ərazisinə daxil olması üçün əsas olmuş pasportunun və ya onu əvəz edən sənədin, vətəndaşlığı olmayan şəxsin isə şəxsiyyətini təsdiq edən sənədinin surəti, 3x4 ölçüdə fotoşəkil (2 ədəd qırmızı fonda), bu qaydaların 6-cı bəndində nəzərdə tutulan müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd, Azərbaycan Respublikasında 30 (otuz) gündən artıq yaşamaq istəyən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyata alınması haqqında vəsiqənin surəti, 14-18 yaşlarında olan şəxslərin notarial qaydada təsdiq edilmiş yazılı razılığı, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədin) notarial qaydada təsdiq olunmuş surəti, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (Dövlət Miqrasiya Xidmətinin rəisinin adına olmaqla notarial qaydada təsdiq olunmuş), vətəndaşa yaşayış sahəsi verən şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti, dövlət rüsumunun ödənilməsi barədə qəbz (rüsum müvəqqəti olma müddəti uzadıldıqda ödənilir) kimi sənədlər təqdim olunmalıdır.

Məlumat üçün bildirək ki, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılarkən onların uzadılacaq müddətlə birlikdə ölkədə müvəqqəti olma müddəti 30 gündən artıq olarsa, onlar eyni zamanda Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar.

Dövlət Miqrasiya Xidməti müraciəti asanlaşdırmaq məqsədi ilə rəsmi internet səhifəsinə hazır formada elektron ərizə forması da yerləşdirib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin ərizə formasını dolduraraq müraciət edə bilərlər.

SEYMUR




18/12/12    Çap et