Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İcbari Sığorta Bürosunun SMS xidmətindən 2 mindən artıq sığortalı faydalanıb
İcbari Sığorta Bürosu tərəfindən cari ilin dekabr ayının 7-dən istifadəyə verilən yeni 9707 SMS-bildiriş xidmətindən cəmi 2162 sığortalı faydalana bilib.
"ICTnews" elektron xəbər xidmətinə İSB-dən verilən məlumata görə, bu xidmət sığortalıların mobil telefon vasitəsi ilə sığorta müqaviləsinin təsdiqi, ləğvi, xitamı və müqavilənin başaçatma tarixinə 15 gün qalmış onun etibarlılıq müddətinin bitməsi haqqında SMS bildiriş almasını nəzərdə tutur.
Xidmətin istifadəyə verildiyi tarixdən 17 dekabr tarixinədək isə informasiya sistemi vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 16 416 icbari sığorta müqaviləsi bağlanıb. Bağlanmış sığorta müqavilələri ilə SMS-bildiriş xidmətindən yararlanan sığortalıların sayı arasında göstərilən fərqin əsas səbəbi isə icbari sığorta müqavilələrinin informasiya sistemi vasitəsi ilə rəsmiləşdirilməsi zamanı sığortalıların mobil telefon nömrəsinin müqavilədə tələb olunan formatda doldurulmaması ilə bağlıdır.
İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətlərinin əməkdaşlarından və sığorta agentlərindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə sığorta şəhadətnaməsini doldurarkən sığorta müqaviləsində sığortalının mobil telefon nömrəsini düzgün formatda (nümunə: 994502838083, 994512656162, 994556355425, 994703473730, 994772770077) göstərmələri tələb olunur. Həmçinin 9707 SMS-bildiriş xidmətindən faydalanmaq istəyən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə sığorta müqaviləsini bağlayan sığortalılardan sığorta müqaviləsinə özlərinin mobil telefon nömrələrinin düzgün formatda daxil edilməsini tələb etmələri xahiş olunur.
Qeyd edək ki, bu xidmət pulsuzdur və hər üç mobil operatorun istifadəçiləri ("Azercell", "Azerfon" və «Bakcell» abonentləri) bu xidmətdən yararlana bilərlər.
CAHANGİR
18/12/12 Çap et