Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Göyçayda kompüter otaqları təşkil edilir
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci interaktiv təlim metodlarının tətbiqi ilə təhsil ocağının internet saytının yaradılması, kompüter otaqlarının təşkili istiqamətində işlər həyata keçirir. Bu barədə "ICTnews.az"-a kollecin direktoru Xəlil Orucov məlumat verib.Onun sözlərinə görə, elektron kitabxana vasitəsilə istənilən şəxs kollecin kitab fondundan yararlana bilir.
Kollec artıq çoxprofilli tədris müəssisəsinə çevrilib. On bir ixtisas üzrə 1.200 tələbənin təhsil aldığı və 120 müəllimin çalışdığı təhsil ocağında müasir dövrün tələblərini qarşılamaq məqsədilə informatika və texnologiya müəllimliyi, mühasibat uçotu, maliyyə işi və yol hərəkətinin təşkili kimi yeni ixtisaslar üzrə kadr hazırlığına da başlanılmışdır. Kollecin tələbə elmi cəmiyyətinin fəaliyyəti daha da gücləndirilmişdir. Tələbələrdə özünəinam hissini artırmaq, idarəetmə vərdişlərini aşılamaq üçün onların kollecin idarə olunmasına cəlb edilməsi ənənəyə çevrilib.
Həmçinin bu il kollecin maddi-texniki bazasının gücləndirilməsi üçün xeyli iş görülmüş, daxili imkanlar hesabına təmir-bərpa və yenidənqurma işləri aparılmışdır. Sinif otaqları, fənn kabinetləri, su-kanalizasiya sistemi, idman zalı, yeməkxana və kitabxana təmir olunmuş, yeni plastik pəncərələr quraşdırılmış, təhsil ocağına yeni texniki avadanlıq gətirilib.
Qeyd edək ki, kollec ilə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) arasında müqavilə də imzalanıb. Müqaviləyə əsasən, qarşılıqlı tədris təcrübə mübadiləsi aparılır.
RƏVAN
18/12/12 Çap et