Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanla Pakistan arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bu ölkənin Milli Assambleyasının sədri vəzifəsini icra edən Fəysal Kərim Kundi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “ICTnews.az” elektron xəbər xidmətinə bildiriblər ki, görüşdə D.Şikarov Azərbaycan-Pakistan münasibətlərinin siyasi, iqtisadi və humanitar aspektlərindən danışıb, rəsmi İslamabadın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyinə və Ermənistanı işğalçı dövlət kimi tanıdığına görə minnətdarlığını vurğulayıb.
Qeyd edilib ki, cari il fevralın 1-də Pakistan Senatı tərəfindən Xocalı soyqırımının tanınmasına və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair qətnamənin qəbul edilməsi Pakistanın beynəlxalq hüququn prinsiplərinə və normalarına sadiqliyinin, Azərbaycana olan qardaşlıq münasibətinin göstəricisidir. F.Kundi xalqlarımız arasında tarixi, mədəni və dini oxşarlıqları xatırlayıb, bu bənzərliklərin münasibətlərimizin inkişafına töhfə verdiyini söyləyib.
O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin ədalətli mövqeyinin Pakistan tərəfindən tam dəstəkləndiyini diqqətə çatdırıb. F.Kundi Ermənistanın Pakistan tərəfindən dövlət kimi tanınması məsələsinin yalnız və yalnız Azərbaycan torpaqlarının işğaldan azad olunduqdan sonra mümkün ola biləcəyini deyib.
F.Kundi Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələrin pakistanlılar tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.
Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu qeyd edilib. Azərbaycan ilə Pakistan arasında energetika, əczaçılıq, kənd təsərrüfatı, informasiya texnologiyaları, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.
SEYMUR
18/12/12 Çap et