Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkə başçısı Balaxanı sənaye parkının təməlqoyma mərasimində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanı sənaye parkının təməlqoyma mərasimində iştirak edib. “ICTnews.az” elektron xəbər xidməti «president.az» saytına istinadən bildirir ki, dövlət başçısı sənaye parkının layihəsini əks etdirən stendə və parkın maketinə baxıb.
İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib ki, parkın yaradılmasında məqsəd ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun davamlı inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, eləcə də Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Sənaye parkında plastik, məmulat, şin, elektrik və elektron cihaz tullantıları, akkumulyator, əlvan metal, kabel və s. məişət tullantılarının təkrar emalı nəzərdə tutulur. Parkın nəqliyyat qovşağına yaxınlığı təkrar emal və ya istehsal edilmiş məhsulların asanlıqla satış bazarına çıxarılmasına şərait yaradacaqdır.
Balaxanı Sənaye Parkı təkrar emal sahəsində sahibkarlara və sərmayədarlara əlverişli imkanlar yaratmaqla yanaşı, ölkəmizdə təkrar emal sənayesinin inkişafında əhəmiyyətli rol oynayacaqdır. Dövlət başçısı sənaye parkının təməlini qoyub. Azərbaycan Prezidentinə, həmçinin Balaxanı qəsəbəsinin su təchizatı layihəsi barədə məlumat verilib.
Bildirilib ki, bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi ilə bağlı müqaviləyə əsasən sosial layihələrin icrası çərçivəsində Balaxanı qəsəbəsində su şəbəkəsinin yaradılması layihəsi də həyata keçiriləcəkdir. Çəkiləcək su xəttinin uzunluğu 80 kilometrdən çox olacaqdır.
Bu isə Balaxanı qəsəbəsinin su təchizatının yaxşılaşdırılmasında xüsusi əhəmiyyət kəsb edəcəkdir. Yeni su xəttinin çəkilişinin bir il müddətində başa çatdırılması nəzərdə tutulur.
SEYMUR
19/12/12 Çap et