Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gənclər Fonduna daha çox elektron ərizələrlə bağlı suallar ünvanlanıb


«Gənclər Fondu ölkəmizdə ilk dəfə olaraq gənclərin layihələrini internet vasitəsilə qəbul edib. Fond 8 iyun 2012-ci il tarixindən etibarən rəsmən fəaliyyətə başlayıb. Elə həmin tarixdə ilk qrant müsabiqəsini elan edib. Müsabiqədə iştirak etmək üçün gənclər təşkilatları və fərdi gənclər fondun saytında (www.youthfoundation.az) qeydiyyatdan keçməli və onlayn formada layihə təklifi ilə müraciət etməli idilər». 


“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri adıçəkilən fondun icraçı direktoru Fərhad Hacıyev söyləyib. İcraçı direktor bildirib ki, fəaliyyətə başlandığı gündən fondun saytı Azərbaycan və ingilis dillərində hazırlanıb. «Fonda və onun əməkdaşlarına saytımız və e-mail vasitəsilə müxtəlif suallar verilib» - deyən F.Hacıyevin sözlərinə görə, əsas suallar isə elektron ərizə formalarının doldurulması qaydaları və layihə istiqamətləri barədə olub.

Onun sözlərinə görə, fond fəaliyyətini internetdə genişləndirməyi planlaşdırır. Hazırda fondun saytında 254 gənclər təşkilatı və 191 fərdi gəncin qeydiyyatdan keçdiyini vurğulayan icraçı direktorun sözlərinə görə, müxtəlif sosial şəbəkələrdə fondun səhifələri minlərlə gənc tərəfindən izlənir: «Önümüzdəki günlərdə fond ikinci qrant müsabiqəsini elan edəcək. Müsabiqənin elanı zamanı prioritet sahələr və istiqamətlər qeyd olunacaq».

SEYMUR




19/12/12    Çap et