Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ilə yüksək texnologiyalar parklarının fəaliyyəti üzrə əməkdaşlıq edəcək
Dubayda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib. Tədbirdə Azərbaycanı iqtisadi inkişaf naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Birləşmiş Ərəb Əmirlikləri tərəfdən İqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansoorinin rəhbərlik etdiyi komissiyada bu ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri təmsil olunub. İqtisadi İnkişaf Nazirliyindən bildirilib ki, iclasda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət-iqtisadi, investisiya, sənaye və energetika, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, bankçılıq, mədəniyyət və turizm, təhsil və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. İclas çərçivəsində həmçinin, "Azərbaycan-BƏƏ Biznes Şurasının yaradılması haqqında" Anlaşma Memorandumu imzalanıb.
İclasın sonunda Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəddə hüquq-müqavilə bazasının genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin davam etdirilməsi, investisiya əməkdaşlığı, o cümlədən üçüncü ölkələrə birgə investisiya yatırmaq imkanlarının nəzərdən keçirilməsi, iş adamları arasında əlaqələrin inkişafı, texnoparkların, o cümlədən yüksək texnologiyalar parklarının fəaliyyəti üzrə əməkdaşlıq, ali və texniki peşə təhsili sahəsində əlaqələrin genişləndirilməsi və s. məsələlər nəzərdə tutulur.
HƏQİQƏT
20/12/12 Çap et